Zəfər Günü ərəfəsində Lənkəran Dövlət Universitetində (LDU)  çalışan və təhsil alan  Qarabağ müharibəsinin iştirakçıları və qazilərlə görüş keçirilib. Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirilən tədbir torpaqlarımızın azadlığı və ölkəmizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

LDU-nun sosial məsələlər üzrə prorektoru,  şəhid atası, dosent Kamran Kazımov belə  görüşlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını deyib, diskussiya və dialoqun, canlı görüşlərin əhəmiyyətindən danışıb.

 

Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun erməni qəsbkarları  üzərində qazandığı böyük qələbənin gedişatını, müharibənin xronikasını əks etdirən video-rolik nümayiş olunub.

 

Sonra  I və II Qarabağ müharibəsi iştirakçılarından LDU-nun  Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Qədim Rufullayev, Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Qalib Əmənov, LDU HİK sədri Vaqif Quliyev, tyutor Əli Zamanzadə, tələbə Elman Osmanov,  Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən, qəhrəman oğullarımızın şücaətlərindən danışıblar. Çıxışçılar ölkədə və Lənkəran Dövlət Universitetində Vətən müharibəsi iştirakçıları və qazilər üçün yaradılan şəraitdən razılıq edərək  diqqət və qayğıya görə ölkə və universitet  rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 30 ilə qədər düşmən tapdağında qalan əzəli və əbədi torpaqlarımızın geri qaytarılması uğrunda canlarını fəda etmiş şəhid oğullarımızın, o cümlədən, LDU-nun şəhid tələbə və məzunlarının xatirəsi çıxışçılar tərəfindən ehtiramla anılıb, onların ölməz  xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağı vurğulanıb.