Şamaxı rayonu Sabir qəsəbə və Qobustan şəhər 3 nömrəli tam orta məktəbləri arasında qardaşlaşma sazişi imzalanıb


15 sentyabr - “Bilik günü” Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbi və Qobustan şəhər 3 nömrəli tam orta məktəbi üçün əlamətdar olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin növbəti iştirakçıları bu iki təhsil ocağında olub. Öncə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda mühazirəsi dinlənilib.

  

Sonra Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi barədə film nümayiş olunub. Qardaşlaşma sazişini Qobustan məktəbinin 8-ci sinif şagirdi Zəhra Rəsullu və Şamaxı məktəbinin 11-ci sinif şagirdi Simran Adıgözəlov imzalayıblar. Məktəb direktorları onların imzalarını möhürlə təsdiqləyiblər. Bilik Fondunun Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin birgə iştirakı ilə keçirilən ilk beynəlxalq qardaşlaşma sazişini imzalayan Türkiyənin Ankara şəhər Heydər Əliyev liseyinin şagirdi Burkay Evrim Yılmaz canlı videobağlantı ilə hər iki məktəbin kollektivini Qafqaz İslam Ordusu tərəfindən Bakının və qədim Şirvan torpaqlarının bolşevik-daşnak əsarətindən xilas edilməsinin 100-cü ildönümü münasibətilə təbrik edib, qardaşlaşan məktəblərin şagirdlərinə lisey kollektivinin  adından  xoş arzularını  bildirib.

  

Hər iki məktəbin şagirdləri “Bilik günü” münasibətilə hazırladıqları musiqili-ədəbi proqramla çıxış ediblər. Şagirdlərə Fondun adından kitablar hədiyyə  edilib.

               

Sifai SƏFƏROVA