Sumqayıt Dövlət Universitetinin (SDU) Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

 

Əvvəlcə rektor, professor Elxan Hüseynov Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf  və tərəqqisindən danışıb.

 

E.Hüseynov Türkiyə və Azərbaycan xalqlarının hər zaman bir-birlərinin yanında olduğunu vurğulayıb, İkinci Qarabağ müharibəsində göstərdiyi dəstək üçün Türkiyə xalqına və dövlətinə təşəkkür edib.

 

Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel səmimi qarşılanmaya və belə bir bayram tədbirinin keçirilməsinə görə SDU rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əlaqələrin yüksək nəticələr verəcəyinə əminliyini ifadə edib.  Ali Rza Altunel Türkiyə Cümhuriyyətinin son illərdə keçdiyi inkişaf yolundan, Azərbaycanın işğal altında olan torpaqlarını düşməndən azad etmək üçün apardığı haqlı mübarizəyə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyindən danışıb.

 

SDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Qafar Atayev Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi, ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Prorektor onu da vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Q.Atayev bu əlaqələrin nəticəsi olaraq SDU-nun Türkiyə universitetləri ilə əməkdaşlığından və Türkiyənin ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadiləsini həyata keçirən “Mövlanə Mübadilə Proqramı”ndakı əlaqələr barədə məlumat verib. Sonra Azərbaycanla Türkiyənin diplomatik əlaqələrini əks etdirən videoçarx nümayiş olunub.

 

SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “XX əsrin sonu-XXI əsrin əvvəllərində Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda çıxış edərək bildirib ki, bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya, iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir.

 

Tədbir SDU müəllimlərinin məruzələri ilə davam edib.