Bu gün Qubadlı şəhərinin Ermənistan işğalından azad olunmasından iki il ötür. 44 günlük Vətən müharibəsinin Zəfər soraqlı daha bir səhifəsi Qubadlı idi.  Zəngilandan sonra növbəti müjdə qubadlılara verildi. Bu, bitən həsrətin, başlayan vüsalın müjdəsi idi! 

 

Qubadlı əməliyyatı müharibənin gedişində əhəmiyyətli dönüş nöqtəsi, böyük Qələbəni yaxınlaşdıran bir əməliyyat oldu. Bu əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Nəyə görə?

 

Çünki ermənilər şəhərdə güclü istehkam qurmuşdu. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlının azadlığı ilk növbədə, bu yüksəkliklərin götürülməsindən keçirdi. Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı bu döyüşlərdə də öz sözünü dedi. Əməliyyatın yerinə yetirilməsi uzun çəkmədi. Birinci şəhərə hakim olan strateji yüksəkliklər və Xanlıq, Padar, Sarıyataq kəndləri ələ keçirildi. Daha sonra şəhər düşməndən tamamilə təmizləndi. Beləliklə, oktyabrın 25-də Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olundu.

 

İşğal tarixçəsi

 

Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 31 avqust 1993-cü il tarixində işğal olunmuşdu. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı və yararsız vəziyyətə salındı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə sıradan çıxarıldı.

 

Qubadlının işğal altında qaldığı illərdə düşdüyü vəziyyətdən danışarkən, təkcə dağıntılardan yox, qanunsuz məskunlaşmadan da bəhs etmək lazımdır.

 

Söhbət xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmasından gedir. Bu, qanunsuz bir məskunlaşma idi. Və bunu birbaşa Ermənistanın siyasi hakimiyyəti edirdi. İşğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma isə Cenevrə konvensiyaları ilə cinayət sayılır. Lakin dünya illərlə bu konvensiyanın ziddinə olan kobud halları görməzdən gəldi, Ermənistana güldən ağır bir söz demədi, məskunlaşmanı dayandırmaq tələbini qoymadı. Bütün bu cinayətlərə Vətən müharibəsindəki Zəfərimizlə son qoyuldu.

 

Qısa arayış

 

Qubadlı rayonu Azərbaycanın cənub qərbində yerləşir. Qərbdən 120 km məsafədə Ermənistanla, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayon faydalı qazıntı ehtiyatlarına malikdir. Səthi dağlıqdır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılıb. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Qubadlının belə təbii imkanları, sərvətləri, füsunkar təbiəti rayonun inkişafı üçün əlverişli şərait yaradır.  

 

Yeni inkişaf mərhələsi

 

Qubadlı hazırda yeni inkişaf dövrünü yaşayır. İşğaldan sonra burada ilk olaraq “Qubadlı” yarımstansiyası inşa edildi və onun açılışı oldu. Qubadlının azadlığının 1-ci ilində rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi açıldı. Xanlıq-Qubadlı yolunun təməli qoyuldu. Hazırda Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. 

 

Qubadlının işğaldan azad olunmasının ikinci ilində də rayonun inkişafına dair növbəti addımlar atıldı. Şəhərin Baş planı artıq hazırdır. Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən həftə Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

 

Bundan başqa, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli atıldı. Qeyd edək ki, Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək.

 

Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri də artıq hazırdır və dövlət başçısı növbəti səfərində bu layihələrlə də yaxından tanış oldu.

 

Bütün bu işlər Qubadlıya həyatı qaytarmaq, Qubadlını dirçəltmək, Qubadlını qubadlıların ixtiyarına vermək üçündür. Əminik ki, dövlətimizin gücü, iqtisadi imkanları və prinsipial, qətiyyətli addımları ilə Qubadlı daha gözəl bir diyara  çevriləcək.

 

V.ALLAHVERDİYEVA