Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin (İKA) nümayəndə heyəti ilə görüşüb. Görüşdə İKA-nın sədri Atanur Cəfərli, baş katib Amal Əliyev, könüllülərlə iş üzrə katib Xəqani Fərəcov və koordinator Fəzilə Ağayeva iştirak ediblər.
Görüşdə tələbələrin hərtərəfli inkişafında mühüm rol oynayan könüllülük fəaliyyətinə MDU-da xüsusi diqqət yetirildiyi vurğulanıb. Universitetdə, eləcə də Mingəçevirdə keçirilən tədbirlərin təşkilində könüllü tələbələrin yüksək fəallıq göstərdiyi qeyd olunub. Bildirilib ki, MDU və İKA arasında əməkdaşlığın yaradılması regionda idmanın kütləviliyinin artırılmasına hədəflənən könüllülük fəaliyyətinin inkişafında və tələbələrin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasında yeni imkanlar qazandıracaq.
Sonra MDU ilə İKA arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Görüşdən sonra MDU-da təhsil alan İKA könüllüləri fəaliyyətlərinə görə müvafiq sertifikatlarla təltif olunublar.