Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel ilə görüş  keçirilib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetdə təhsil alan əcnəbi tələbələr barədə məlumat verib, beynəlxalq əlaqələrdən söhbət açıb.

 

Prorektor qeyd edib ki, hazırda ATU-da dünyanın 50-yə yaxın ölkəsindən əcnəbi tələbə və rezidentlər təhsil alır. Bunların arasında say etibarilə birinci yeri qardaş Türkiyədən olan tələbə və rezidentlər tutur. Pandemiyadan öncə belə görüşlərin tez-tez keçirildiyini xatırladan O.İsayev bildirib ki, bu tədbirlərin keçirilməsində məqsəd əcnəbi tələbələrin sosial problemlərini dinləmək və onları imkan daxilində aradan qaldırmağa çalışmaqdır.

 

Görüşdə çıxış edən Ali Rza Altunel deyib ki, səfirliyə müraciət edən hər bir tələbəyə müşavirlik tərəfindən yardım göstərilir. Onların vətəndən kənarda rahat təhsil almaları və yataqxana ilə təminatı səfirliyin diqqət mərkəzindədir, ortaya çıxan hər hansı bir problemi qısa vaxt ərzində həll etməyə çalışırlar.

 

ATU-nun Tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov, fakültə dekanları Səid Əhmədov və Fərəh Mədətli, həmçinin Xarici tələbələrlə iş üzrə dekan Qorxmaz Əhmədovun da qatıldığı toplantıda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.