Ötən həftə işğaldan azad olunmuş Zəngilan və Cəbrayılda Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi yaşandı. Bölgədə ikinci beynəlxalq statuslu hava limanı-Zəngilan hava limanı da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açıldı. Bundan başqa, Azərbaycan və Türkiyə Prezidentləri Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etdilər.
Türkiyənin dövlət rəhbərinin bölgəyə ilk səfəri kimi bu səfər də, həmçinin bir sıra obyektlərin təməlqoyması ilə müşayiət olundu. Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq dəmir yolu stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməli qoyuldu.
Şanlı tarix müştərək tariximiz olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər də müştərək nailiyyətlərdir. Qürurvericidir ki, bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi hakimdir.
Vətən müharibəsində ədalətin bərpasına göstərdiyi böyük siyasi və mənəvi dəstəyə görə Türkiyə Qarabağa və Şərqi Zəngəzura aid strateji obyektlərin bünövrə daşlarını atmağa, eləcə də onların qırmızı lentini kəsməyə mənəvi haqqı çatan ölkədir.
Dost və qardaş ölkə rəhbərinin rəsmi qarşılanma mərasiminin işğaldan azad olunmuş torpaqlarda ardıcıl keçirilməsi ilə dünya dövlətlərinə verilən aydın mesaj var. Mesaj bundan ibarətdir ki, bu bölgədə sülhün də, yeni inkişaf dövrünün də memarı Türkiyə-Azərbaycandır; bu qardaşlıq və müttəfiqliyin çağdaş nümunəsi əskilərdən daha möhkəmdir. Başqa sözlə, Azərbaycan Vətən müharibəsində kimdən siyasi və mənəvi dəstək görürdüsə, başa çatan müharibədən sonrakı mərhələdə-bölgənin dirçəldilməsi prosesində də haqlı şəkildə həmin qüvvə ilə bir yerdə çıxış edir. Bir tərəfdən, işğaldan azad olunmuş torpaqlarımızda başlayan tikinti-bərpa işlərində Türkiyə şirkətləri yaxından çalışır, birliyin, qardaşlığın təcəssümü kimi bərabər yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Digər tərəfdən, Türkiyə dövlətinin başda Prezidenti olmaqla, siyasi elitası bölgəyə ardıcıl rəsmi səfərə gəlməklə yeni siyasi reallığın ortaya çıxması tablosunu yaradır. Bu tablo ondan ibarətdir ki, Türkiyə artıq bu regiondadır.
Üstəlik, “Şuşa Bəyannaməsi” ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq olub və bölgə üçün önəmli olan bu amil sülh və sabitlik faktoru kimi çıxış edir. Türkiyə Prezidentinin Şuşaya ilk rəsmi səfərində imzalanan “Şuşa Bəyannaməsi”nin mahiyyəti budur ki, Türkiyə Naxçıvanda necə bir təhlükəsizlik zəmanətini öz üzərinə alıbsa, Qarabağda da həmin zəmanəti öz üzərinə götürüb.
Bu gün Qarabağ və Şərqi Zəngəzura olan davamlı rəsmi səfərlər Şuşada hüquqi baxımdan möhkəmlənən müttəfiqliyin məntiqi tərkib hissəsi kimi təşəkkül tapır və bütün bu addımlar bölgədə davamlı sülhə töhfə xarakteri daşıyır.
Azərbaycanı istəməyən, Zəfərini qısqanan, buna görə də hər vəchlə ona problem yaratmağa çalışan çevrələrə göstərilir ki, Azərbaycanın maraqları həm də Türkiyənin maraqlarıdır. Hər hansı təhdid xarakterli bəyanatlar, çirkin niyyətlər bu bölgədə yenidən siyasi böhranlara, hərbi toqquşmalara yol aça bilməz. Türkiyə öz nüfuzu ilə bunların qarşısına keçmək gücünə malikdir və sabitləşdirici rolunun öhdəsindən gəlməyi çox gözəl bacarır. Çünki Türkiyə dünya çapında güc mərkəzinə çevrilib.
Türkiyə-Azərbaycan birliyi, dinamik əməkdaşlığı bölgədə işıqlı bir gələcəyin əsasını qoyub. Bu strateji tərəfdaşlığın tükənməz perspektivləri var. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlərə birlikdə imza atılacaq.
V.ALLAHVERDİYEVA