Sentyabrın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) 2018-2019-cu dərs ilinin başlanması və Bilik gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir universitetin binası qarşısında davam etdirilib. AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov toplaşanları Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Azərbaycan Texniki Universitetinin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, mütəxəssislərin hazırlanması prosesində, vətənpərvərliyin təbliğində müstəsna rol oynadığı diqqətə çatdırılıb. Universitetin tarixindən danışan Xalıq Yahudov onun Azərbaycan üçün minlərlə yüksəkixtisaslı mühəndis kadrlar hazırladığını qeyd edib. Bildirilib ki, bir neçə universitet və institutun, kollec və texniki peşə məktəblərinin formalaşmasında baza rolunu oynayan AzTU yarandığı gündən ölkəmizdə texniki sahənin inkişafı ilə yanaşı, ictimai-siyasi mühitin formalaşmasında, eləcə də Azərbaycanın dünyada tanınmasında da əvəzsiz xidmətlər göstərib.
Vurğulanıb ki, bu il Azərbaycanda tələbə adını qazanan hər iyirmi abituriyentdən biri, yəni 1803 gənc AzTU-nu seçib. Onların iyirmi faizi ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Qəbul olanların 25,19% dövlət sifarişi əsasında təhsil alacaqdır.
Ali təhsil ocağının magistratura pilləsinə bu il 324 nəfər daxil olub.
Digər çıxış edənlər də tələbə adını qazanan gəncləri təbrik edib, uğurlar arzulayıblar.
Sonda qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, qiymət kitabçaları, tələbə biletləri təqdim edilib.