Mingəçevir Dövlət Universitetində (MDU) Energetika laboratoriyasının açılış mərasimi keçirilib.

 

20 oktyabr - Energetiklər Günü ərəfəsində keçirilən açılış mərasimində MDU-nun rektoru Şahin Bayramov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ) baş mühəndisi Rövşən Mustafayev və digər qonaqlar iştirak ediblər.

 

Qonaqlar laboratoriyada yaradılmış şəraitlə tanış olublar.

 

Bildirilib ki, laboratoriya energetika sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlığının məzmununun təkmilləşdirilməsinə və keyfiyyətinin yüksəldilməsinə hədəflənib. Laboratoriyanın müvafiq cihaz və avadanlıqlarla təchiz olunmasında “Azərbaycan İES” MMC, Mingəçevir SES Silsiləsi və Mingəçevir REŞ mühüm rol oynayıblar. Eləcə də, layihənin ərsəyə gəlməsində keçən tədris ili ərzində MDU-da fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin professoru Cemal Yılmaz fəal iştirak edib.

 

Diqqətə çatdırılıb ki, laboratoriya mühəndislik sahəsində bir çox fənlərin tədrisi üçün istifadə olunacaq və tələbələrin praktiki bacarıqlarının inkişafına töhfə verəcək.