Ölkənin ən böyük tütün məhsulları istehsalçılarından biri olan “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Tufan Kan, “Azərtütün” ASC-nin İnsan resursları və ümumi işlər şöbəsinin müdiri Vüqar Babayev, “Tabaterra Leaf” QSC-nin Aqrar şöbəsinin müdiri Usamettin Koçan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Universitetin rektor əvəzi Zəfər Qurbanov əvvəlcə ali təhsil müəssisəsinin maddi-texniki bazası və kadr potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, Aqrar Universitet bazar rəqabətli, peşəkar kadrların hazırlanmasında yerli və xarici şirkətlərlə sıx əməkdaşlığa üstünlük verir. Xüsusən də tütünçülük istiqamətində ixtisaslı kadrların hazırlanması və birgə təcrübə sahələrinin yaradılması üçün “Tabaterra Leaf” QSC ilə əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.
QSC-nin direktoru Tufan Kan təmsil etdiyi müəssisənin də Azərbaycan Dövlət Aqrar Universiteti ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. T.Kan gələcəkdə universitetin Tədris-təcrübə təsərrüfatında tələbələrin tütünçülük sahəsində təcrübə və biliklərini praktiki formada təkmilləşdirməsi üçün tütün sahələrinin qurulması, yetişdirilməsi və qurudulması kimi proseslərin həyata keçirilməsi üçün dəstək olmağa hazır olduqlarını deyib.
Görüşdə, həmçinin, qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə tələbə, mütəxəssis mübadiləsi, məzunların işlə təmin olunması, təlim və seminarların keçirilməsi məsələləri də müzakirə edilib.
Sonra qonaqlar ali təhsil müəssisəsinin müasir auditoriya və laboratoriyalarında olublar.