Naxçıvan Müəllimlər İnstitutunda 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Rektor Azad Novruzov müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Rektor 44 günlük Vətən müharibəsinə diqqət çəkərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz Ordumuzun qələbəsinin müstəqilliyimizin ən parlaq qələbəsi olduğunu qeyd edib.
Tədbirdə Hümanitar və ictimai fənlər kafedrasının müdiri Aslan İbrahimov “Müstəqilliyimizin bərpası və qorunması xalq-dövlət birliyinin tarixi nailiyyətidir” mövzusunda çıxış edib. Məruzəçi öz çıxışında dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Sonra institut tələbələrinin iştirakı ilə hazırlanan tədbirin bədii hissəsində vətənpərvərliyə həsr olunmuş müxtəlif məzmunlu şeirlər səsləndirilib, xor və solo mahnılar ifa edilib.
18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat yarışlarının qaliblərinə rektor tərəfindən diplomlar təqdim edilib.
Sonda isə tələbələrin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış olub.