Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 2022-ci ildə yerinə yetirilən elmi tədqiqat işlərinə həsr olunan elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rektor Elbrus İsayev elmi-tədqiqat işlərinə verilən tələbləri nəzərə alaraq bunun universitetin elmi potensialı üçün olduqca əhəmiyyətli və əsas göstəricilərdən biri olduğunu diqqətə çatdırıb. Ali təhsil müəssisələri üçün nəzərdə tutulan yeni akkreditasiya meyarlarına görə elmi-tədqiqat işlərinin önəmini vurğulayan rektor bu sahədə, sadəcə struktur dəyişikliyi və keyfiyyət yüksəkliyi deyil, həm də beynəlxalq rəqabət qabiliyyətlilik tələb olunduğunu qeyd edib. Bildirilib ki, elmi tədqiqat işlərinin funksionallığını artırmaq üçün komandalar şəklində tədqiqatlar aparılmalı və buraya magistr və doktorantlar cəlb olunmalıdır. Tədqiqat universiteti statusu üçün qarşıya qoyulan başlıca tələblərdən biri də elmi tədqiqat laboratoriyalarında aparılan tədqiqat nəticələrinin auditoriyalarda tətbiq olunmasıdır. Belə ki, müəllimlərin müəyyən elmi istiqamətlər üzrə apardıqları araşdırmaların nəticələri tələbələrin ixtiyarına verilməlidir.
Kafedraların elmi tədqiqat istiqamətləri barədə məlumat verən fakültə dekanı, iqtisad üzrə fəlsəfə doktoru Əşrəf Ələkbərov bildirib ki, fakültə əməkdaşları bütünlüklə elmi tədqiqatlara cəlb olunub və yekunda elmi məqalələrin toplu vəsait formasında çap olunması nəzərdə tutulur. Mövcud elmi-tədqiqat planına əsasən, İqtisadiyyat kafedrası “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının istiqamətləri”, Mühasibat uçotu və maliyyə kafedrası “Müasir iqtisadi şəraitdə mühasibat uçotu, iqtisadi təhlil və maliyyənin təkmilləşdirilməsi istiqamətləri”, Dünya iqtisadiyyatı və menecment kafedrası “Qloballaşma şəraitində regionun davamlı inkişafının təmin və idarə olunması”, Bələdiyyə və turizm kafedrası “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında turizm potensialının və yerli özünüidarəetmənin təhlili” istiqamətində araşdırmalar aparır və tədqiqatlar ilin sonunda yekunlaşacaq.
Konfransın gedişatında kafedra müdirlərinin elmi hesabatları dinlənilib.