Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay şəhər 4 nömrəli tam orta məktəbində Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihənin təqdimatı olub.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Göyçay rayon sektorunun əməkdaşları, layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri, məktəbin texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edib ki, layihəni həyata keçirməkdə məqsəd 20 nəfərə yaxın valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunması, aqressiya, narahatlıqlardan uzaqlaşıb daha rahat olması, qabiliyyət və bacarıqlarının kəşf edilməsi, sosial uyğunlaşmanın artırılması, onlar üçün maneəsiz yaradıcı mühit formalaşdırmaqdan ibarətdir. O, həmçinin layihə çərçivəsində tematik seminarların, həftəlik seansların, məktəblilərin əl işlərində ibarət rəsm sərgisinin keçiriləcəyini vurğulayıb.
Təlimçi E.Qasımova bildirib ki, art terapiya emosiyalar üzərində bir eksperimentdir:” Yeniyetmələr arasında ilk olaraq gizlənmiş emosional problemlər art terapiya vasitəsi ilə üzə çıxarılır. Depressiya, stress, uşaqlarda zəka inkişaf pozğunluqlarında art terapiyadan geniş istifadə olunur.” E.Qasımova, həmçinin layihə çərçivəsində fototerapiyadan istifadə ediləcəyini və layihənin yekunu olaraq hazırlanmış fotoların sərgisinin keçiriləcəyini vurğulayıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.