Naxçıvan Dövlət Universitetində “Azərcell Telekom” MMC tərəfindən tələbələrə aylıq təqaüdlərin verilməsi ilə bağlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı belə tədbirlərin gənclərin inkişafına və gələcək karyeralarına müsbət təsirindən danışıb, universitetdə mütəmadi təşkil olunan bu tədbirlərin tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini vurğulayıb.

               

“Azercell Telekom” MMC-nin rəsmi nümayəndəsi Aynur Əkbərova qeyd edib ki, bu əhəmiyyətli təqaüd proqramını həyata keçirməkdə əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir. Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda, gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.

        

Sonra “Azercell Telekom” MMC-nin İnsan Kapitalının İdarə edilməsi Departamentinin Professional inkişaf və Azercell Akademiyasının mütəxəssisi Ləman İsmayılzadə tələbələrin karyeralarının uğurlu istiqamətdə inkişafı barədə danışıb. O, tələbələrin mütəmadi şəkildə onlayn təşkil olunan kurslara qoşulmalarının və özlərini inkişaf etdirmələrinin vacibliyini vurğulayıb. Bildirilib ki, proqram istiqamətləri kibertəhlükəsizlik, informasiya texnologiyaları, biznes analitikası, data science və marketinq ixtisasları üzrədir.

        

Sonda iştirakçıların sualları cavablandırılıb və tədbirdə fəal iştirak edən tələbələr “Azercell Telekom” MMC tərəfindən mükafatlandırılıb.