Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Şamaxı filialında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Tədrisdə açıq elm və tədqiqat məlumatları üzrə seminarların təşkili" layihəsi çərçivəsində təlim-seminar keçirilib.

 

Seminarda filialın professor-müəllim heyəti və elmi tədqiqata maraq göstərən tələbələr iştirak ediblər.

 

Layihənin rəhbəri, "Startap layihələrə sosial-iqtisadi dəstək" İctimai Birliyinin sədri Təranə Vəliyeva layihənin məqsəd və vəzifələri, mövzunun aktuallığı, görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Tədbirdə iştirakçılara açıq elmin mahiyyəti, beynəlxalq miqyasda istifadə olunan platformaların müsbət tərəfləri, resurslardan səmərəli istifadənin öyrənilməsinin gənc tədqiqatçıların gələcək fəaliyyətində öz sahələri üzrə uğur qazanmalarındakı rolundan bəhs edilib.

 

İctimai Birliyin rəsmi nümayəndəsi Anar Vəliyev deyib ki, layihənin məqsədi elmi tədqiqatları, məlumatları, onların yayılmasını və elmi araşdırmaların nəticələrini cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan etməkdən ibarətdir.

 

Təlimçi qismində çıxış edən Ruslan Rəhimli akademik yazı qaydaları, beynəlxalq databazalar, müasir standartlar və modellər barədə geniş məlumat verib.

 

Diskussiya şəraitində davam edən təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.