Naxçıvan Dövlət Universitetində “18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bildirilib ki, SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan E.İsayev vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
“Əbədi və sarsılmaz müstəqillik” mövzusunda çıxış edən ali təhsil ocağının Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov qeyd edib ki, hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Vurğulanıb ki, ölkəmiz xarici əlaqələrin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Q. Əkbərov Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının siyasi baxışlarının Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Sonda “Müstəqilliyin Bərpası Günü” mövzusunda film nümayiş olunub.