Elm və Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarixin izləri” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etməkdən ibarət olub.
Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.
Daha sonra məktəblilər əllərində tutduqları plakat, şəkil və bayraqlarla terror törədilən məkana yürüş edib. Gəncə şəhərində amansız terror nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, hadisə yerinə gül dəstələri qoyulub.
Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ədəbi-bədii kompozisiyalarla çıxış edib, uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib, "Qələbə" adlı fləşmob keçirilib.
Sonda uşaqlar səmaya Gəncə terroru nəticəsində şəhid olan körpələrin, məktəbli uşaqların xatirəsinə ağ şarlar uçurub.