Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Uğurunu paylaş” adlı layihəyə start verilib. Layihə çərçivəsində iş həyatında və fərdi inkişafda uğur qazanan insanlarla, o cümlədən universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları ilə silsilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd uğurlu olmağın yolları barədə mütərəqqi düşüncələri və təcrübələri bölüşmək, karyera inkişafını hədəfləyən gənclərə müvafiq tövsiyələr vermək və onları motivasiya etməkdir.

 

Layihə çərçivəsində MDU-da ilk görüş keçirilib. Görüşün qonaqları Azərbaycan  Gənclər Fondunun keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri siyahısında yer alan MDU tələbələri olublar.

 

KİM-in direktoru Cəlil Bağırov “Uğurunu paylaş” layihəsinin məqsədindən və gənclər üçün əhəmiyyətindən danışıb. MDU-da gənclərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən bəhs edən C.Bağırov tələbələrin universitetin uğurlarında pay sahibi olmasından məmnunluğunu ifadə edib. Buna görə də layihənin ilk qonaqları qismində məhz tələbələrin dəvət edilməsinin təsadüfi olmadığını qeyd edən C.Bağırov onları iştirakçılara tanıdıb. Bu yaxınlarda Gənclər Fondunun qrantını qazanmaları münasibətilə tələbələri təbrik edən KİM-in direktoru əldə edilən nailiyyətlərin və qazanılan təcrübələrin paylaşılması baxımından görüşün maraqlı olacağına, gənclərdə böyük motivasiya yaradacağına əminliyini ifadə edib və iştirakçılara uğurlar arzulayıb.

 

Sonra Gənclər Fondunun sözügedən Qrant Müsabiqəsinin qalibləri olan MDU-nun Təhsil fakültəsinin tələbələrindən Pənah Kərimov, Hikmət Qafarov və Magistratura və Doktorantura Təhsil Mərkəzinin magistrantı Şahlar Mirzalıyev qranta layiq görülən layihələri barədə ətraflı məlumat verib, layihənin hazırlanması və uğurlu nəticənin əldə edilməsi üçün diqqət yetirilməsi vacib olan nüanslarla bağlı fikirlərini və təəssüratlarını bölüşüblər.