Astara rayonunun Siyaku kəndi adlı-sanlı alimləri, ziyalıları, sadə, zəhmətkeş insanları ilə tanınır. Neçə-neçə nəslin elm, bilik, tərbiyə aldığı Siyaku kənd tam orta məktəbi hər bir ailə üçün əziz, doğma ünvana çevrilib. Təhsil ocağının yaşı 70-i ötüb. 2013-cü ildə məktəb üçün 360 şagird yerlik ikimərtəbəli yaraşıqlı bina tikilib. Burada 25 sinif kompleksi müasir avadanlıq və təzə inventarlarla təchiz edilib. İnformatika kabinetində 20-dən çox kompüter internet şəbəkəsinə qoşulub. Fizika, kimya fənləri zəngin laboratoriyalarda tədris olunur.

 

Məktəbin direktoru Teymur Fətullayev rayonun bacarıqlı, qabaqcıl, yenilikçi təhsil işçilərindən biridir. İxtisasca tarix müəllimidir. 2013-cü ildə  respublika üzrə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2014-cü ildə təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Əvvəllər direktoru olduğu Nail Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbi  2016-cı ildə Təhsil Nazirliyinin “Elektron təhsil” respublika müsabiqəsində “Ən zəngin məzmunlu məktəb saytı” nominasiyası üzrə III yeri qazanıb. Hazırda işlədiyi Siyaku məktəbi “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsinin qalibidir.

 

Teymur müəllim dördüncü ildir ki, Siyaku kənd tam orta məktəbinə rəhbərlik edir. Pedaqoji kollektivin nailiyyətlərindən, müəllimlərin peşəkarlığından söhbət açaraq deyir:

 

-Məktəbimizdə 553 nəfər şagird təhsil alır. Kollektivdə 49 müəllim çalışır. Şagirdlərin müsabiqə və olimpiadalarda, buraxılış və ali məktəblərə qəbul imtahanlarında nəticələri ilbəil yüksəlir. Bunun nəticəsidir ki,  təhsil ocağına şagird axını artıb. 2013-cü tədris ili ilə müqayisədə şagirdlərin sayı 73 nəfər çoxalıb. Qonşu Vaqo, Rinə, Şağlazüzə, Miki kəndlərindən də gələn şagirdlər var. Dərslər iki növbədə keçirilir. Tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir.

 

Pedaqoji kollektiv işlərin öhdəsindən bacarıqla gəlir. Məzunlar hər il yüksək balla respublikamızın ali məktəblərinə qəbul olunurlar. 2021/2022-ci dərs ilində məktəbi bitirmiş 22 məzundan 17-si tələbə adına layiq görülüb. Məzunlardan Nuray Şahnamazova, Nəsrin Calalova, Rozanna Məlikova, Sunay Fətəliyeva, Vəfa Heydərova yüksək balla ali məktəblərə daxil olublar.

 

Uğurların qazanılmasında  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Malıyeva, fizika müəllimi Fikrət Calalov, coğrafiya müəllimi Vasif Şiriyev, kimya müəllimi Şahin Məmmədov, riyaziyyat və informatika müəllimi Səbinə Babayeva və başqalarının əməyi çoxdur.

 

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Malıyeva 12 ildir ki, sevimli fənnini həvəslə, işgüzarlıqla tədris edir. Şagirdlərə dilimizin incəliklərini, ədəbiyyatımızı öyrədir, onları müsabiqələrə, buraxılış və qəbul imtahanlarına hazırlayır. Qabaqcıl müəllimin yetirmələrindən Nuray Şahnamazova, Sunay Fətəliyeva Azərbaycan dili fənni üzrə olimpiada, Nazənin Fətəlizadə və Cavidan Cəfərzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və 99-cu ildönümünə həsr edilmiş respublika üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləridir. Məzunların builki buraxılış imtahanlarında Azərbaycan dili fənni üzrə nəticələri 83 faiz olmuşdur. Cavidan Cəfərzadə, Nihad Calalov və Ravid Məhərrəmli həmin fənn üzrə 90 baldan yuxarı nəticə qazanıb. Şagirdlərimiz dəfələrlə “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibi olub.

 

Təhsil ocağında şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Məktəbin iki məzunu: Zülfi Ağayev və Məhəmməd Babazadə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Şagirdlər məktəbin foyesində yaradılmış Şəhidlər guşəsində igid, qəhrəman Vətən oğullarının mənalı ömür və döyüş yolu ilə tanış olurlar.

 

Məktəb həm də idmançıları ilə tanınır. Şagirdlər şahmat yarışlarında daha çox fərqlənirlər. Rayon üzrə şahmat  dərsləri bu məktəbdə keçirilir.

 

Kollektiv yeni dərs ilinə böyük həvəslə, işgüzarlıqla başlayıb. Sabahın qurucuları olan sağlam, bilikli, vətənpərvər gənclərin yetişdirilməsi məqsədilə bütün qüvvələr səfərbər olunub.

 

Əlisəfa HƏSƏNOV