Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik, tanınmış hərbi ekspert Şair Ramaldanovla “Hibrid müharibə” mövzusunda tələbələrin görüşü keçirilib.

 

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev hərbi ekspert, peşəkar mütəxəssis kimi Ş.Ramaldanovun Azərbaycan Silahlı Qüvvələrindəki misilsiz xidmətlərindən, həyat və fəaliyyətindən bəhs edib.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov isə səriştəli zabit kimi Ş.Ramaldanovun I Qarabağ müharibəsində strateji əhəmiyyətli bir sıra hərbi əməliyyatlara rəhbərlik etməsini vurğulayaraq, gənclərimizin məhz bu cür şəxsiyyətlərin təcrübələrindən bəhrələnmək üçün can atmalarını təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Ömrünü müasir Azərbaycan hərb işi və elminə həsr edən polkovnik Ş.Ramaldanov I Qarabağ və Vətən müharibələri haqqında danışaraq, hərbi qələbənin siyasi, iqtisadi, informasiya dayaqlarının yüksək səviyyədə olması, xalq-dövlət-ordu birliyinin mükəmməl modelinin Azərbaycanı tarixi Zəfərə apardığını qeyd edib. Polkovnik tələbə-gənclərdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu, Azərbaycan gəncləri ilə qürur duyduğunu deyib.

 

Daha sonra hərbi ekspert tələbələrin çoxsaylı suallarını cavablandırıb.