Qarabağın Ermənistan işğalından azad edilməsi İlham Əliyevin prezidentlik fəaliyyətinin şah əsəridir
“...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndər Heydər Əliyevin xalqa məşhur müraciətindən bir hissə olan bu sitatın tarixçəsi hamıya yaxşı məlumdur. Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabrında prezident seçkilərində ölkəyə yeni rəhbər seçməliydi. “Heydər Əliyevdən sonra kim olacaq?”- sualı ətrafında müxtəlif ictimai düşüncələr mövcudkən, Ulu Öndər Azərbaycanı idarə edə biləcək, uğurla irəli aparacaq siyasi fiqurun, başqa sözlə, siyasi varisinin adını xalqa böyük əminliklə elan etdi-İlham Əliyev.
Seçkilərdə İlham Əliyevə verilən dəstək öncə Heydər Əliyev siyasi kursunun davamına verilən dəstək idi. Xalq əmin idi ki, Heydər Əliyev kimi nüfuzlu, fenomen bir şəxsiyyətin həyat və siyasi idarəçilik məktəbində formalaşan İlham Əliyev Ulu Öndərin yaratdığı siyasi sabitliyi, formalaşdırdığı sağlam dövlətçilik ənənələrini, Azərbaycanın dövlət müstəqilliyini, ölkənin milli maraqlarını qoruyub saxlamağı bacaracaq; Heydər Əliyev siyasi kursuna sadiqlik Azərbaycanı sürətlə iqtisadi baxımdan inkişaf etmiş bir ölkəyə çevirəcək.
Xalqın inam və etimadının əsasında həm də İlham Əliyevin yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilməsi, vətənpərvərliyi, enerjili və təşəbbüskar olması dayanırdı.
İlham Əliyev prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı. Ölkədə müstəqilliyin və ideoloji dayaqların daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması vacib idi. İlham Əliyev ölkənin Prezidenti kimi bu missiyanı gözəl bacardı və öz siyasi fəaliyyəti ilə daxildə xalq dəstəyini daha da gücləndirdi, yürütdüyü düşünülmüş xarici siyasət isə Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.
Bundan başqa, iqtisadi inkişaf prioritet məsələ idi. Keçmiş iqtisadi formasiyanın dağılması Azərbaycanın qarşısında yeni iqtisadi modellərlə inkişaf zərurəti yaratmışdı və bunun üçün Heydər Əliyev tərəfindən əsası qoyulan əhəmiyyətli iqtisadi layihələr öz müsbət bəhrəsini verirdi. Söhbət “Əsrin müqaviləsi”ndən, neft kontraktları üzrə başlayan enerji ixracının ölkəmizə vəd etdiyi kapitaldan, bu kapital sayəsində Azərbaycanı gözləyən sosial-iqtisadi inkişafdan gedir. Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin imza atdığı nəhəng beynəlxalq layihə oldu. Beynəlxalq iqtisadi əməkdaşlıq dinamik şəkildə irəlilədi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti açıldı. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etdi. Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verildi. Azərbaycanın dünya enerji sənayesində həlledici rolu bu ardıcıl layihələrlə bir daha təsdiqləndi.
Neft gəlirləri regionlarin sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasına stimul verdi. Milli sərvətimizdən gələn pullar ölkənin iqtisadi inkişafına müsbət təsirlər göstərdi. Tikinti-quruculuq işləri şəhər və rayonlarımızın simasını dəyişdi; yeni infrastruktur layihələr həyata keçirildi. İnsanların sosial müdafiəsi gücləndirildi. Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı.
Müasir tipli məktəblər, yeni və modern avadanlıqlarla təmin olunmuş xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilib vətəndaşların ixtiyarına verildi. Gənclərin fiziki sağlamlığının inkişafına hesablanan Milli Olimpiya Mərkəzləri inşa olundu.
20 faiz torpaqlarımızın düşmən işğalı altında olması silahlı qüvvələrimizin peşəkarlığının və hərbi texniki təhcizatla təminatının güclənləndirilməsini tələb edirdi, bu baxımdan milli Ordu dövlətin və hökumətin xüsusilə diqqətində dayandı. Hər il hərbi büdcənin artırılması, modern silahlar alınması, ordunun şəxsi heyətinin hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər bunu sübut edirdi. Ölkədə Müdafiə Sənayesi Nazirliyinin yaradılması zəruri idi və yaradıldı. 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Zəfər bir daha təsdiqlədi ki, İlham Əliyev dövlət rəhbərliyinə gəldiyi dövrdən etibarən ölkənin hərbi siyasətini uğurlu şəkildə qura bilmiş, torpaqlarımızın azadlığı üçün bu siyasətini prinsipial, qətiyyətli olaraq yürütmüşdü. Ona görə də qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Torpaqları işğaldan azad edən milli ordunun şöhrəti sərhədləri aşır, Azərbaycanın hərbi potensialı, ordunun şəxsi heyətinin peşəkarlığı, əsgərin Vətən üçün fədakarlığı düşməndə qorxu hissini dəyişməz saxlayır...
İlham Əliyev dövlət sükanı arxasına keçdiyi gündən “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə hərəkət etdi. Bu, gənc nəslin intellektual, elmi inkişafı üçün bütün tədbirlərin həyata keçirilməsi siyasətini özündə ehtiva edirdi. Gənclərin xaricdə təhsili ilə bağlı dövlət proqramları qəbul olundu. Bu günə kimi bu proqramdan yetərli sayda gənc yararlandı, onların bir qismi xarici təhsildə qazandığı mütərəqqi nəzəriyyəni praktika ilə birləşdirərək ölkəsinə töhfələr verir, bir qismi Avropanın, Qərbin və Asiyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirir.
Bundan başqa, savadlı gənclərin dövlət qulluğunda irəli çəkilməsinə də hər zaman diqqət yetirildi. Mühüm dövlət vəzifələrinə gənc kadrların təyinatı təmin olundu.
Prezident İlham Əliyevin idarəçilik keyfiyyətlərini təhlil edərkən, onun ölkəni xaos və qarşıdurma kimi məkrli planlardan qoruya bilməsi xüsusilə qeyd olunmalıdır. Dünyada baş verən rəngli inqilabların hansı beynəlxalq “mətbəxlər”də hansı ölkələr üçün hazırlandığını, nəticədə ölkələri necə bir fəlakətə sürüklədiyi, Azərbaycanın da adının zaman-zaman bu çirkin planlara daxil edildiyi sirr deyil. Bir vaxtlar Azərbaycanda çoxsaylı qeyri-hökumət təşkilatlarının son dərəcə aktiv fəaliyyəti mövcud idi və zaman keçdikcə bu fəaliyyətin arxasında dayanan əsl niyyətlər üzə çıxmağa başladı. Onların bir qrupu xarici maliyyənin qarşılığında ölkədə pozuculuq, xaos sifarişini yerinə yetirirdi. Dirijor çubuğunun Soros Fondunun əlində olması dəqiq idi və Prezident İlham Əliyev bunu açıq şəkildə ictimaiyyətə bildirirdi. Dəfələrlə siyasi sabitliyi pozmağa, xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmanın içərisinə çəkmək cəhdləri göstərilirdi. Təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında isə peşəkarlıq amili önəmli səciyyə daşıyırdı. Prezident İlham Əliyev islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu.
Bəllidir ki, sabitlik olmadan ölkə inkişaf edə bilməz. Ölkənin inkişafını təmin edən əsas amillər həm də milli maraqlar, peşəkarlıq və prinsipial mövqedən ibarətdir. İlham Əliyev bütün bu cəhətləri özündə birləşdirərək Azərbaycanı dünyaya uğurlu təqdim edə bildi.
Bu gün Azərbaycanı regionun ən güclü və suveren dövləti edən aparılan xarici siyasətin çoxtərəfliliyidir. Azərbaycan xarici siyasətini müstəqil yürüdür və balansı qorumağa çalışır. Həm Avropa ilə, Qərblə, həm də Asiya platformasında əməkdaşlığını davam etdirir. Regional təşəbbüslər Azərbaycanı möhkəmlədir, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Məlumdur ki, məhz Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
İlham Əliyevin prezidentlik fəaliyyətində Azərbaycan üçün misilsiz xidmətlər, yetərincə uğurlu səhifələr var. Lakin bu fəaliyyətin zirvəsində Qarabağ torpaqlarının işğaldan qurtarılması, doğma yurd yerlərimizin 30 illik əsarətinə son qoyulması, mənfur düşmən üzərində parlaq Qələbəmiz dayanır.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi, Ordunun gücü sayəsində yerinə yetirildi. Nüfuzlu dövlətlərin təmsil olunduğu ATƏT-in Minsk qrupunun bacarmadığı işi Prezident-Xalq tandemi yoluna qoydu: torpaqlarımız işğalçılardan təmizləndi.
Prezident İlham Əliyev hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində olduqca nəhəng işlərə imza atır. Qarabağ bərpa olunur və Böyük Qayıdış strategiyası yerinə yetirilir. Dövlət başçısının bu missiyası çətin olduğu qədər də şərəflidir.
Çətindir ona görə ki, düşmən torpaqlarımızı tamamilə viran qoyub və bu xarabalıq, səhranı xatırladan yerlərdə hər şeyi sıfırdan başlamaq böyük vaxt, böyük maliyyə tələb edir. Azərbaycan bu işlər üçün heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadığı üçün bölgəni yenidən tikmək, oraya həyatı tezliklə qaytarmaq o qədər də asan deyil.
Bu işlərə imza atmaq isə olduqca şərəflidir ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsi, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı, Zəngəzur dəhlizinin reallaşması, Azərbaycanla Naxçıvan arasındakı fiziki məsafənin aradan qaldırılması, bu doğma yurdumuzla birbaşa qucaqlaşa bilmək də Qarabağın azadlıq Qələbəsi kimi İlham Əliyevin prezidentlik fəaliyyətinin şah əsəri olacaq.
V.ALLAHVERDİYEVA