Avropa İttifaqının vasitəçiliyi Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına müsbət təsirlər göstərir
Praqada keçirilən Avropa qitəsinin ölkələri arasında siyasi əlaqələndirmə platforması olan “Avropa siyasi birliyi” Zirvə Toplantısı Azərbaycan üçün iki aspektdən qiymətləndirilməlidir.
Birincisi, Azərbaycan Avropa ölkələri ilə siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirir, qitənin gələcəyinə dair sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya kimi aktual mövzuların müzakirəsində yaxından iştirak edir, bu isə ölkəmizin Avropa ilə əlaqələrinin perspektivlərindən və etibarlı gələcəyindən xəbər verir.
Məlumdur ki, Avropa İttifaqı Azərbaycanın əsas önəmli tərəfdaşıdır. Azərbaycanın enerji resurslarına Avropada böyük tələbat var və bu təlabatı bu gün dünyada kəskin dəyişən geosiyasi vəziyyət daha da artırıb. Avropa İttifaqı ilə imzalanmış son memoranduma əsasən, Azərbaycan Avropaya qaz ixracatını gələcək illərdə ən azı iki dəfə artırmağı planlaşdırıb. Keçən il bu, 9 milyard kubmetr idisə, 2027-ci il üçün hədəf bunu ən azı 18 milyard kubmetrə çatdırmaqdan ibarətdir.
Göründüyü kimi, rəqəm yetərincə böyükdür. Bundan əlavə,yeni qaz yataqlarından da hasilat artırılacaq, bərpaolunan enerji növlərindən istifadə olunması da böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq ki, bu, qaz ixrac potensialının nəhəngliyindən xəbər verir və Azərbaycanı qaz ixrac edən ölkə kimi Avropanın, ümumilikdə dünyanın strateji enerji tərəfdaşına çevirmiş olur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ölkəmizin Avropa məkanında yerini və mövqeyini möhkəmləndirir. Ən başlıcası, Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı etimad ikitərəfli əlaqələri daha dinamik və daha əhatəli mərhələyə daşıyır.
Praqa toplantısının Azərbaycan üçün ikinci mühüm əhəmiyyəti burada Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində keçirilən müzakirələrlə bağlıdır. Toplantı Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla yenidən görüşünə bir fürsət yaratdı və müzakirələrdə Azərbaycanın irəli sürdüyü sülh təklifinə dair 5 əsas prinsip təkrar müzakirə predmeti oldu.
Müsbət cəhət ondan ibarətdir ki, həm üçtərəfli, həm dördtərəfli görüşlərdə Azərbaycanın irəli sürdüyü prinsiplər dəstəklənir. Çünki ölkəmiz 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu hər dəfə səmimi şəkildə bəyan edir, sülh təklifinə dair beş əsas prinsipdə qətiyyət nümayiş etdirir və haqlı olduğunu beynəlxalq hüquqi prinsiplərlə əsaslandırır.
Bu sülh müqaviləsinin əsasında dayanan prinsiplər hansılardır?
-Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
-Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
-Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
-Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
-Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bu, ikinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni vəziyyətin qaçılmazlığıdır. Azərbaycan Brüssel formatını ona görə dəstəkləyir ki, sülh gündəliyi məhz bu prinsiplər üzrə formalaşır və tərəfləri bu aspektlərdə razılığa gətirməyə, sülh müqaviləsinin imzalanmasını tezləşdirməyə xidmət edir.
Bəllidir ki, bu, yeni bir format deyil, artıq bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli müzakirələr aparıb, bu mənada sonuncu Praqa görüşünü Brüssel formatının davamı saymaq olar.
Doğrudur, bu görüşlərdə sülhə yaxınlaşma sürətli deyil, o səbəbdən ki, Ermənistanın sərhəddə törətdiyi təxribatlar, yeni minalar terroru sülh prosesindəki irəliləyişlərə xələl gətirir. Amma Brüssel formatı əməkdaşlıq və əsas nəticə üçün israrlıdır və etibarlılığını qoruyub saxlayır. Çünki Avropa qitəsində sülh və təhlükəsizlik maraqlarında Ermənistan-Azərbaycan arasında münasibətlərin normal məcraya qoyulması əsas məsələ kimi dayanır.
Beləliklə, Praqadakı görüşlərin konkret nəticəsi varmı sualını qoysaq, cavab belədir ki, var. Azərbaycan diplomatiyası həmişəki kimi, burada da qələbəsini qoruyub saxladı. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə Bəyanat qəbul edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir Bəyanatdır.
Diqqət edək:
“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildirirlər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Yəni, suverenliyi tanımaqla, Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
İkincisi, görüşdə sərhədlərin delimitasiyasına razılıq əldə edildi. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verdi. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
Bütün bunlar Azərbaycanla Ermənistan arasında müharibə, düşmənçilik səhifəsini birdəfəlik qapadacaq addımlardır və Avropa İttifaqının vasitəçiliyinin sülh müqaviləsinin imzalanması prosesinə müsbət təsirinə inamları daha da artırır.
V.ALLAHVERDİYEVA