VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı keçirilib.

 

Təqdimatda  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıq və tövsiyələrini, sərəncamlarını xatırladıb. Dövlət başçısının Azərbaycan dili ilə bağlı verdiyi sərəncamlara uyğun olaraq, AMEA-nın ayrı-ayrı institut və təşkilatlarında ana dilinin qorunması istiqamətində görülən işləri diqqətə çatdıran İ.Həbibbəyli bildirib ki, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur  dialektoloji atlası” da bunlardan biridir. 

 

Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi əməkdaşlarının hazırladıqları bu atlas müstəqillik dövrü Azərbaycan dilçiliyinin səviyyəsini göstərən ən qiymətli əsərdir. Bu atlas zəngin tarixi köklərimizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

 

Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli bildirib ki, atlasda 278 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk yer alıb. Bununla yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Prezident İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri əks etdirən şəkillər öz əksini tapıb.

 

Atlas xəritələrində öz əksini tapmış dil faktları, səciyyəvi dialektoloji xüsusiyyətlər regionun qədim türk yurdu olmasının danılmaz sübutudur.

 

N.Məmmədli vurğulayıb ki, atlas yalnız dilçilər üçün deyil, coğrafiya, tarix, etnoqrafiya, kulinariya və digər sahələrin mütəxəssisləri üçün də dəyərlidir.

 

Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri Kifayət İmamquliyevanın atlasla bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, atlasın müəllif və tərtibçiləri Qarabağ və Şərqi Zəngəzur  dialekt və şivələrini fonetik, qrammatik, leksik səviyyədə tədqiq ediblər.