Bu gün Lənkəran Dövlət Universitetinin (LDU) şəhid məzunu Cavanşir Həmidlinin xatirə günüdür. Bu münasibətlə doğulduğu Lerik rayonunun Çayrud kəndində şəhidin anım mərasimi keçirilib.
LDU-nun rektoru, professor Natiq İbrahimov, Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov, digər rəsmi şəxslər Çayrud kənd mədəniyyət və istirahət parkında Şəhidlərin Xatirə Abidə Kompleksini ziyarət edərək önünə çiçəklər düzüblər. Sonra mərasim iştirakçıları şəhid Cavanşir Həmidlinin kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər. Məzarın önünə çiçəklər düzülüb, şəhidin ruhuna Fatihə oxunub.
Cavanşir Həmidlinin ailə üzvləri, doğmaları ilə görüşən LDU-nun rektoru, professor N.İbrahimov şəhidin ruhuna bir daha rəhmət oxuyub, valideynlərinə Allahdan səbr diləyib.
Şəhidin atası Namiq Həmidov oğlunun xatirəsini yad etdiklərinə görə mərasim iştirakçılarına ailə üzvləri adından minnətdarlıq edib, vətənə dar gündə sipər olan oğlu ilə qürur duyduğunu deyib.
Xatırladaq ki, LDU-nun şəhid məzunu C.Həmidli 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. 2015-ci ildə Lənkəran Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinə qəbul olub. 2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi başladığı gündən torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşlərə qatılıb. Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarla erməni əsgərini məhv edib. Sonradan Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla, bir neçə yaşayış məntəqələrinin düşmən tapdağından azad olunmasında iştirak edib. Döyüşlər zamanı böyük əzmkarlıq və rəşadət göstərib. 7 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.