NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtələrindən biri olan Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində (TETYM) “Beynəlxalq Ayın Müşahidə Gecəsi” (“International Observe the Moon Night”) keçirilib.

 

Universitetdən bildirilib ki, tədbirə müxtəlif fakültələrdən 70-dən çox tələbə qatılıb. Əvvəlcə tələbələrə BDU-nun fizika fakültəsinin Astrofizika kafedrasının müəllimləri tərəfindən Ay haqqında ətraflı məlumat verilib. Daha sonra tədbir iştirakçıları teleskop vasitəsilə Ayın səthini müşahidə ediblər. Tələbələr Ay ilə yanaşı, Yupiter və Saturn planetlərini də müşahidə imkanı əldə ediblər.

 

Daha sonra “Kosmos həftəsi” tədbirləri çərçivəsində TETYM və Astrofizika kafedrasının birgə təşkil etdiyi Astronomiya elminə aid “Təxmin Et” yarışması keçirilib. Müxtəlif fakültələrdən olan 16 tələbənin qatıldığı yarışmada maksimal balı toplayan ilk 5 tələbəyə hədiyyələr verilib. Sonda tədbir iştirakçısı olan bütün tələbələrə NASA tərəfindən hazırlanmış sertifikatlar təqdim edilib. Sosial platformlarda onlayn yayımlanan tədbirin materialları, tədbirdə çəkilmiş Ayın yüksək ayırdetməli fotoları NASA rəsmilərinə təqdim edilib.

 

Qeyd edək ki, “Beynəlxalq Ayın Müşahidə Gecəsi” NASA tərəfindən 2009-cu ildən etibarən hər il təşkil olunur.