Naxçıvan Müəllimlər İnstitutunda 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü qeyd olunub.
İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, bu gün biz təhsilimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasının şahidiyik:”Müəllimlərin sosial rifahının yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri, daha dəqiq desək, birincisidir. Bu qayğının nəticəsi olaraq ölkəmizdə müəllimlərin sosial statusu artır, güzəranı getdikcə yaxşılaşır”.
Rektor qeyd edib ki, muxtar respublikada da hər il yeni təhsil ocaqları istifadəyə verilir, müəllimlərin əməyi qiymətləndirilir. Müəllimlərin əməyinin yüksək qiymətləndirilməsi, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi təhsilimizin bugünkü inkişafının əsasını təşkil edir.
A.Novruzov bildirib ki, Naxçıvan Müəllimlər İnstitutu ölkəmizdə pedaqoji kadr hazırlığı aparan ali təhsil müəssisələrindən biridir:”Burada yaradılmış şərait təhsilə göstərilən qayğının bariz nümunəsidir. İnstitutda ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığı aparılır. Sevindirici haldır ki, müəllimlərin işə qəbulunda institutumuzun məzunları yüksək nəticələri ilə seçilir. Müəllimlər hazırlayan ali təhsil müəssisəsi kimi çalışmalıyıq ki, istənilən şəraitdə ömürboyu təhsil inkişafını təmin edə biləcək səriştəli kadrlar formalaşdıraq. Bu şərəfli və məsuliyyətli işinizdə sizə uğurlar arzulayır və sizin simanızda bütün müəllimləri təbrik edirəm”.
Sonra Azərbaycan dili və ədəbiyyatı kafedrasının profesoru Yusif Səfərovun və həmin kafedranın gənc müəllimi Şəbnəm Əliyevanın təbrikləri dinlənilib, tələbələrin ifasında müəllimlərə həsr olunmuş şeirlər səsləndirilib.