Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ali məktəbin Tədris Cərrahiyyə Klinikasında müalicə alan II Qarabağ müharibəsi qazisi Natiq Salahovu ziyarət edib. Qazinin  səhhəti, müalicəsinin gedişi ilə maraqlanan rektor bildirib ki, Şanlı Zəfəri bizlərə bəxş edən müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş kimi hər birimizin ən ümdə işi olmalıdır və klinikanın əməkdaşları bu gənclərin sağlamlıqlarına qovuşması üçün əlindən gələni əsirgəmirlər. 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən G.Gəraybəyli qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb.

 

ATU-nun Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirli rektora müalicənin gedişi ilə bağlı ətraflı məlumat verib. Xatırladıb ki, N.Salahov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdən birində ağır yaralanıb və hər iki ayağını itirib. Qazilərimizlə bağlı həyata keçirilən geniş miqyaslı dəstək tədbirləri çərçivəsində Natiq üçün xüsusi protez sifariş verilib və hazırda xəstə həmin protezlə bütün hərəkətləri icra edə bilir. Həkim əməliyyatın uğurla keçdiyini, hərəkətlərində heç bir problem yaşamaması üçün qaziyə hər cür yardım göstərildiyini bildirib.