Sinqapurun Nanyanq Texnologiya Universitetinin tələbəsi Vaqif Əliyev: “Yaxın gələcəkdə Azərbaycanda mühəndisliklə əlaqəli sahələrə maraq qat-qat artacaq”
Ölkəmizdə istedadlı şagirdlərin üzə çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsində müxtəlif fənn olimpiadalarının, bilik yarışlarının mühüm əhəmiyyəti var. Elm və Təhsil Nazirliyi tərəfindən istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları neçə-neçə istedadlı gəncin alim-tədqiqatçı kimi yetişməsinə və uğurlu mütəxəssis kimi formalaşmasına vəsilə olmaqdadır. Təsadüfi deyildir ki, son illərdə nüfuzlu bilik müsabiqələrində fərqlənmiş olimpiada qaliblərimizin sorağı hazırda dünyanın tanınmış ali təhsil müəssisələrindən gəlir. Öz istedadı ilə elm və təhsilin yüksək zirvəsinə yol açanlardan biri də Sinqapurun dünya şöhrətli ali təhsil müəssisələrindən olan Nanyanq Texnologiya Universitetində təhsil alan Vaqif Əliyevdir.
Tanıtım: 29 dekabr 2004- cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə Bakıdakı 47 nömrəli tam orta məktəbdə başlayıb. V sinifdən təhsilini 147 nömrəli Ttexniki-humanitar liseydə davam etdirib.2022-ci ildə həmin liseyin məzunu olub. Hazırda Sinqapurun nüfuzlu Nanyanq Texnologiya Universitetində bakalavr pilləsində təhsil alır.
Gənc istedadı Sinqapurun nüfuzlu ali təhsil müəssisəsinə aparan uğur yolu beynəlxalq olimpiadalardan başlayıb. Bu barədə o, özü belə deyir:
- Orta məktəbdə oxuyarkən öncədən riyaziyyata və fizikaya marağım var idi. VII sinifdə fənn müsabiqələrində uğur qazandıqdan sonra beynəlxalq olimpiadalara marağım daha da artdı. IX sinifdə Respublika fənn olimpiadalarından qızıl medal aldıqdan sonra beynəlxalq olimpiadalara hazırlaşdım. X sinifdə 51-ci Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2021) iştirak etdim. XI sinifdə isə Qazaxıstanın Almatı şəhərində keçirilən 18-ci Beynəlxalq Jautikov Olimpiadası (IZhO 2022) və Sloveniyanın paytaxtı Lyublana şəhərində keçirilən 6-cı Avropa Fizika Olimpiadasından (EuPhO 2022) bürünc, Gürcüstanın Kutaisi şəhərində keçirilən 15-ci Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2022) həvəsləndirici mükafat qazandım. Ümumilikdə, orta məktəbi Respublika fənn olimpiadalarından 2 qızıl, 1 gümüş, beynəlxalq olimpiadalardan 3 bürünc, 1 həvəsləndirici mükafatla bitirdim.
- Uğurlarınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz?
- Məncə, olimpiadalarda iştirak etməyimin həyatımda rolu çox böyükdür. Bəlkə də məktəbdə oxuyarkən verdiyim ən düzgün qərarlardan biri olimpiadalara hazırlaşmaq, qatılmaq idi. Mənim fikrimcə, olimpiadalarda iştirak etməyim fizika və əlaqəli sahələrdə (riyaziyyat, astronomiya və s.) daha dərin biliklərə sahib olmağıma kömək etdi, bir növ, təbiətin qanunlarını, kainatı daha yaxşı anlamağım və məsələləri daha ətraflı düşünməyim üçün faydalı oldu. Həmçinin beynəlxalq olimpiadalarda iştirak etmək dünyanın müxtəlif yerlərindən istadadlı şagirdlərlə görüşmək, yarışmaq, vaxt keçirmək, məsələləri müzakirə etmək və dünyagörüşünü inkişaf etdirmək kimi fürsətlər yaradır. Digər tərəfdən isə olimpiada iştirakçısı olmağım universitetlərə qəbul prosesində faydalı oldu və hazırda universitet dərslərimdə də faydasını görürüəm.
- Sinqapurda ali təhsil almağa qərar verdiniz? Bu ölkədə təhsil sizin üçün nə dərəcədə cəlbedicidir?
- Mən ali təhsilimi Sinqapurun Nanyanq Texnologiya Universitetində davam etdirirəm. Başda keçmiş bir neçə azərbaycanlı olimpiadaçının bu universiteti seçməsi mənim bu ali təhsil müəssisəsi ilə bağlı maraqlanmağıma və araşdırma aparmağıma səbəb oldu. Daha sonra Sinqapurun Asiyanın ən inkişaf etmiş ölkələrindən biri, həmçinin universitetin elm, texnologiya və mühəndislik sahəsində uğurlu olduğunu öyrəndim. Beləcə, bu universitetə müraciət etmək qərarına gəldim. Universitet daha çox texnologiya və tədqiqatyönümlü olduğu üçün qəbul aldığım bir neçə universitet arasından bu ali məktəbi seçdim.
- İxtisasınız barədə nə deyə bilərsiniz? İxtisasınız ölkəmiz üçün nə dərəcədə prioritetdir?
- Hazırda Nanyanq Texnologiya Universitetində Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə təhsil alıram və II semestrdan etibarən Data Analitikası ilə ikili ixtisas (double major) üzrə dəvam etmək istəyirəm. Bu ixtisası seçməyimə səbəb fizikaya və mühəndisliyə olan marağım, həmçinin oxuduğum universitetin bu ixtisas üzrə dünya universitetləri reytinqində 4-cü olmasıdır. Məzun olduqdan sonra isə təhsilimi magistratura səviyyəsində aviasiya və aerokosmik mühəndisliyi sahəsində davam etdirməyi planlayıram. Əsrimizin texnologiya və kosmos əsri olduğunu nəzərə alsaq, məncə, yaxın gələcəkdə ölkəmizdə bu sahə prioritet olacaq və Azərbaycanda mühəndisliklə əlaqəli sahələrə maraq qat-qat artacaq.
- Universitetdə dərslər necə təşkil olunub: hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir?
- Dərslərin və mühazirələrin əksəriyyəti əyani olaraq keçilir, daha sonra isə həmin dərs həm video, həm də slayd şəklində universitetin saytına yüklənir. Hər həftə universitetin müxtəlif binalarında təşkil olunan laboratoriya dərslərində isə müxtəlif cihazlarla müəyyən nəzəri bilikləri, təbiət qanunlarını əyani olaraq yoxlamaq, nəzəri nəticə ilə eksperiment nəticəsini müqayisə etmək, eksperimentin xətası, buna səbəb olan faktorlar, hər bir faktorun nə qədər təsir edə biləcəyini öyrənməyə imkan yaradır.
- Sinqapura gedən uğur yolunuz olimpiadalardan başladı. Uğurlarınızın sirri, uğurlarınızda müəllimlərinizin rolu barədə nə deyərdiniz?
- Məncə, uğurlu olmaq üçün insan öz maraq dairəsinə uyğun sahə seçməlidir. Daha sonra bu sahəyə vaxt ayırdıqdan sonra uğur qazanmaq mümkündür. Həmçinin uğursuzluqlar insanı həvəsdən salmamalı, digər müsabiqələrə daha həvəslə hazırlaşmasına, uğursuzluğu təcrübə kimi görməsinə səbəb olmalıdır. Mən fənn olimpiadalarındakı və beynəlxalq olimpiadalardakı ilk cəhdimdə uğursuz olsam da, sonrasında daha uğurlu nəticələr almağa başlamışam. Mənim fikrimcə, müəllimlərin əməyi, hazırlıqda rolu əvəzolunmazdır, çünki bir sahəyə başladıqda təcrübəli insanların yönləndirməsi, izahı olmadan öyrənmək, tam başa düşmək qat-qat çətin olur və dəfələrlə çox vaxt tələb edir. Buna görə bütün müəllimlərimə təşəkkür edirəm.
Xüsusi ilə son 6 ildə mənə riyaziyyatı tədris etmiş mərhum, dəyərli Səbinə Əlirzayevaya minnətdaram. Bundan əlavə, 6-cı və 7-ci sinifdə fizikaya marağımın yaranmasına səbəb olan Cəlal Kərimova, olimpiadalara hazırlıqların ilk illərində mənə dəstək olan Abdullah Bazarova, Sevda Əsgərliyə , həmçinin son 3 ildə fizika müəllimim olan, beynəlxalq olimpiadalarda komanda rəhbərimiz Rəşadət Qədimaliyevə də minnətdarlığımı bildirirəm.
- Olimpiadalara hazırlıq hansı siniflərdən başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var?
- Məncə, olimpiadalara 6-ci və ya 7-ci sinifdə başlamaq lazımdır. Çünki o yaşlarda şagirdlərin olimpiadalara hazırlaşmaq üçün kifayət qədər riyaziyyat bilikləri olur və artıq təbiət elmlərini öyrənməyə başlayırlar. Olimpiadaya hazırlaşan şagirdlərə bir neçə dəfə uğursuz olduqda hazırlığı dayandırmaq yerinə daha çox hazırlaşmağı tövsiyə edərdim. Hazırlıq prosesində məncə, ilk öncə nəzəri hissənin mükəmməl öyrənilməsi vacibdir. Son 2 ildir, Beynəlxalq astronomiya və astrofizika olimpiadasına hazırlaşmağa və iştirak etməyə başlamışıq. Ölkəmizdə bu sahə də inkişaf edir. Ancaq bu olimpiadaya hazırlaşarkən dilimizdəki elmi mənbələrin az olması mənim bir neçə xarici kitablardan, internetdəki mənbələrdən hazırlaşmağıma, daha çox araşdırma etməyimə səbəb oldu. Nəticədə, müəyyən mövzuları öyrənməyə daha çox vaxt sərf etməli oldum. Vaxtın limitli olduğunu nəzərə alsaq, bu, nəticəyə mənfi təsir göstərdi. Bu il həmin olimpiadaya hazırlaşacaq Azərbaycan komandasına hazırlıq prosesində kömək etməyi, iştirak etdiyim və hazırlaşdığım dövrdəki təcrübələrimi onlarla bölüşməyi düşünürəm.
- Gələcək üçün nə kimi plan və hədəfləriniz var?
- Hazırda uzaq gələcək üçün dəqiq planlarım yoxdur, çünki bunlar zaman keçdikcə önə çıxan fürsətlərə görə dəyişir. Ancaq indiki halda universiteti yaxşı qiymətlərlə bitirmək, buradakı imkanlardan istifadə edib, ixtisasımı tam öyrənmək, daha sonra isə magistratura təhsilimi ABŞ-ın Princeton Universitetində davam etdirmək istəyirəm.
Oruc MUSTAFAYEV