Bu gün Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, builki tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, ali məktəbin tələbəsi Leyla Məmmədli də Prezident təqaüdünə layiq görülmüş tələbələr arasında yer alıb.
L.Məmmədli Tovuz rayonunun Xatınlı kənd orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. Qəbul imtahanlarında (I ixtisas qrupu) yüksək nəticə göstərərək, 691.3 balla BMU-ya daxil olan L.Məmmədli Kompüter elmləri ixtisasına (tədris ingilis dilində) üstünlük verib.
Qeyd edək ki, cari tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq BMU-nu seçmiş tələbələrin sayı 128 nəfər təşkil edib. Bu, ötən tədris ili ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.