“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Bərdədə 866 saylı qəsəbədə, Ağdamda “Bənövşələr” qəsəbəsində və Mingəçevir Media Mərkəzində "Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması" istiqamətində müzakirələr aparıb. Məlum olub ki, əksər köçkünlər peşələrə yiyələnmədiklərindən bu gün iş tapmaqda çətinlik çəkirlər.
İctimai Birliyin rəhbəri Fərman Nəbiyev 3 bölgədə 72 nəfərin qatıldığı görüşlərdə qaldırılan məsələlərə və onların həlli yollarına diqqət çəkib. Bildirib ki, işğaldan azad olunan torpaqlara qayıdış ərəfəsində köçkünlərin peşə bacarıqlarının artırılması, mütəmadi maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Müzakirələrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndələri, Qarabağ və Mərkəzi Aran Regional Məşğulluq Fondlarının əməkdaşları, yerli icra hakimiyyəti və QHT təmsilçiləri də qatılıblar.
Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Mingəçevir Dövlət Universitetinin informasiya yardımı ilə həyata keçirilir.