Naxçıvan Dövlət Universitetində (NDU) Badminton klubu yaradılıb. Ali təhsil müəssisəsində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev Badminton klubunu gənclərin bu sahədə inkişafına göstərilən dövlət qayğısının bir nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, klubun yaradılmasında məqsəd badminton idman növünün təbliği, peşəkar idmançıların hazırlanması və tələbələrin bu sahəyə olan həvəsini artırmaqdır.
Universitetin pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlər barədə ətraflı məlumat verən E.İsayev NDU-nun məşqçilərinin və tələbələrinin muxtar respublikanı həm respublika, həm də beynəlxalq turnirlərdə təmsil etdiklərini vurğulayıb. Bildirilib ki, badminton seçmə fənn kimi universitetin pedaqoji fakültəsinin Məşqçilik ixtisasında tədris olunur, həmçinin dərs prosesindən sonra məşğələlər təşkil edilir. Rektor Badminton klubunun muxtar respublikanı müvəffəqiyyətlə təmsil edəcək gənclərin yetişməsində uğurlu olacağına əminlik ifadə edib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb və respublikamız dünyada idman ölkəsi kimi tanınır. Vurğulanıb ki, müasir dövrdə muxtar respublikada idmanın inkişafı üçün də dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. İdman sahəsində edilən yeniliklər, qazanılan uğurlardan söz açan nazir muxtar respublikada 12 idman federasiyasının mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov federasiyanın 1962-ci ildə Bakı şəhərində yaradıldığını, 1996-cı ildə isə yenidən təsis olunduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan Badminton Federasiyası 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının və Avropa Badminton Federasiyasının üzvüdür. Diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetində Badminton klubunun yaradılması badminton idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında badminton ənənəsi artıq 30 ildir mövcuddur və yeni yaradılan klub bu idman növünün daha sistemli inkişafına zəmin yaradacaq.