Azərbaycan Dillər Universitetində (ADU)  Avropa İttifaqı və Avropa Şurasına üzv dövlətlərin 16 səfirliyi və mədəniyyət institutlarının iştirakı ilə Avropa Dilləri Gününə həsr olunan tədbir keçirilib.  

 

Avropa Dilləri Günü EUNİC Azerbaijan (Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları) tərəfindən təşkil olunur. EUNİC Azerbaijan Cluster 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırmaq məqsədi ilə yaradılıb.  

 

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbirin əhəmiyyətindən danışıb:“Avropa Dilləri Gününün qeyd olunması əlamətdar hadisədir. Bu, həm də mədəniyyətlər günü, ünsiyyət günü deməkdir. Tədbir iştirakçılarına, qonaqlara öz təşəkkürümü bildirirəm. Biz bu gün Avropa Dilləri Günü ilə bağlı bu dillərin möhtəşəmliyinin işığına yığışmışıq. Biz qədim İpək yolunun ortasında duran və İpək yolunu Avropaya çıxaran ölkələrdən biri kimi çıxış edirik. Azərbaycan mədəniyyəti, incəsənəti Avropa mədəniyyətinə böyük töhfələr verib. Müxtəlif dillər müxtəlif mədəniyyətlər deməkdir. Başqa sözlə, bu, müasir dillə desək, multikulturalizm deməkdir. Biz fəxr edirik ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri öz dilləri, öz mədəniyyətləri ilə Avropa gülüstanlığına öz töhfəsini verirlər.”  

 

Müxtəlif ölkələrin Azərbaycandakı səfirləri də çıxış edib, tədbirin Azərbaycan Dillər Universitetində təşkil olunmasını yüksək qiymətləndiriblər. 

 

Daha sonra səfirlər, eyni zamanda diplomatik korpusun nümayəndələri öz dillərində poeziya nümunələri səsləndiriblər.