Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Təbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, şəhid məzunların ailə üzvləri və yaxınları, həmçinin tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ADNSU-nun Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsinə salınmış Kompleksin önünə əklil qoyub, şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Universitetin akt zalında davam edən tədbirdə rektor, professor M.Babanlı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər tariximizdən danışıb. Xalqımıza bu tarixi zəfəri yaşadan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan rektor tarixi qələbəmizdə öz payı olan ADNSU-nun da 23 nəfər şəhid məzunu olduğunu və onların xatirəsinin universitetdə hər zaman uca tutulacağını qeyd edib.
Sonra ADNSU-nun 23 nəfər şəhidinin xatirəsinə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” filmi nümayiş olunub.
Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.