Lənkəran Dövlət Universitetində (LDU) 27 Sentyabr - Anım Gününə həsr olunan konfrans keçirilib.  

 

“Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda keçirilən konfransda çıxış
edən LDU-nun rektoru, professor Natiq İbrahimov Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin əhəmiyyətindən, igid oğullarımızın şucaətindən söz açıb.

 

Bildirib ki, şəhidlərin qanı bahasına qazanılan Zəfər 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızı bizə qaytarmaqla yanaşı, həm də xalqımıza başucalığı gətirib, şəhid ağrılarımıza təsəlli olub. LDU-da gənclərin vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən rektor tələbələrdə milli hisslərinn yüksək olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 11 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini bildirib.

 

Sonra Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mayis Cəfərov mövzu ilə bağlı geniş məruzə edib. Məruzədə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbədən, həmin dövrdə ölkədə yaşanan böyük vətənpərvərlik ab-havasından, qələbənin əhəmiyyətindən, ordumuzun misilsiz döyüş taktikasından danışılıb.

 

Pedaqogika, psixologiya və incəsənət fənləri kafedrasının müdiri, əslən Füzuli rayonundan olan dosent Afiq Əliyev çıxışında əsgərlərimizin böyük hünərindən söz açıb, torpaqlarımızı azad edərkən şəhidlik
zirvəsinə ucalan igidləri bütün xalqın baş tacı adlandırıb.

 

Konfrans 27 Sentyabr - Anım Gününə həsr olunan video-roliklə başa çatıb.