Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik
Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi; Torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu; Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi; Dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırdı və bu proses davamlı xarakter daşıyır.
Təəssüf ki, bütün bunlar sülh masasında yox, müharibə meydanında həll edildi. Təəssüf ona görə ki, müharibə hər iki tərəf üçün ağır itkilər, ölüm, humanitar fəlakət deməkdir. Amma rəsmi İrəvan Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmalıykən, - hansı ki, Azərbaycan bu döyüşlər zamanı işğalla barışmayacağını kəskinliklə nümayiş etdirmişdi, - Azərbaycana qarşı diversiyalarını davam etdirdi; erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verdi. Və 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı: buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ərazisinin 20 faizini itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu var idimi? Yox idi! Üstəlik, təəssüf doğuran o idi ki, rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləri zaman-zaman ortada olduğu halda, dünya monoetnik dövlətə çevrilmək siyasəti ilə hərəkət edən Ermənistanın Azərbycanın iqtisadiyyatına, mədəni irsinə vurduğu miqyasagəlməz zərəri, 150 minə yaxın azərbaycanlının deportasiyasını, 300 minə yaxın insanı öz yurd-yuvalarından didərgin salmasını, şəhərləri, kəndləri dağıtmasını, günahsız insanları qətlə yetirməsini görmürdü. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçirdi. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. “Demokratik” dünya öz qəti qərarları, təsirli addımları ilə bu qara ləkəni təmizləməliykən, yalnız quru bəyanatlarla kifayətləndi.
İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edildi. Siyahıya baxsaq, söhbətin necə bir vandallıqdan getdiyi aydın olar:
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri var idi. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qaldı və ermənilər tərəfindən dağıdıldı. Bu vandalizmə görə məsuliyyət var idi, lakin heç bir beynəlxalq təşkilat, dövlət Ermənistandan bunun hesabatını istəmədi.
Bundan başqa, münaqişənin həlli üçün yaradılan bütün platformalar, formatlar əslində formal xarakter daşıdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin qoltuğundakı portfeldə real həll modeli daşınmadı; onların bölgəyə hər gəliş-gedişi quruca ümiddən başqa heç nə vermədi. Dünyanın Ermənistana gücümü çatmadı? Gerçək bu deyildi, gerçək o idi ki, dünya dövlətləri sözdə haqlının, əməldə isə təcavüzkarın yanında dayanırdı.
Təəssüf ki, dəyişən heç nə yoxdur. Erməni silahlı qüvvələrinin bu ilin 12 sentyabr təxribatlarına beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin yanaşması göstərir ki, Ermənistanın maraqlarını qorumaq, erməni xalqının təəssübünü çəkmək siyasəti bu gün dünənkindən daha güclü şəkildə davam edir.
Tərəfləri sülhə çağıran bəyanatlar yenə də gözdən pərdə asmaqdır, işğalçı ilə işğala məruz qalana, günahkarla günahsıza eyni münasibət tərəflər arasında gərginliyin aradan qaldırılmasına deyil, əksinə davam etməsinə əsas verir.
Daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan isə həm müharibədən sonra imzalanmış üçtərəfli bəyanata, həm Avropa İttifaqı səviyyəsində aparılan son danışıqların məzmununa xələl gətirəcək heç bir addım atmır.
Çünki Azərbaycan yalnız sülh, dinc yanaşı yaşamaq, bölgədə əməkdaşlıq mühiti yaratmaq istəyir. Ermənistan isə hələ də təcavüzkar əməllərini davam etdirir, üçtərəfli bəyanatın şərtlərini pozmağa çalışır. Fəqət, unudur ki, Azərbaycan “Böyük Ermənistan” ideyasını tarixin zibilliyinə atıb. Unudur ki, Azərbaycan işğaldan qurtardığı torpaqlarında cənnət Qarabağın, Şərqi Zəngəzurun möhkəm təməlini atıb. Bu təməli sərhəd təxribatları əsla sarsıda bilməz.
Ermənistanın davranışları nə olur-olsun, şəhidlərinin qanı ilə qazandığı BÖYÜK ZƏFƏRini qoruyub saxlamaq üçün Azərbaycanın mükəmməl planı həmişə var. Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da MÜZƏFFƏR XALQ və QALİB DÖVLƏT kimi əbədi yaşayacaq.
V.ALLAHVERDİYEVA