Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalı keçirilib.


Festivalda müxtəlif ölkələrdən kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan dəvət olunan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzun və tələbələrindən ibarət qrup da iştirak edib.


Festival çərçivəsində Əməkdar incəsənət xadimi, ADMİU-nun dosenti Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri Özbəkistanın Daşkənd və Buxara şəhərlərində nümayiş etdirilib. Sözügedən filmlər festival çərçivəsində keçirilən “Azərbaycan kino günləri”ndə təqdim olunub.


Bağlanış mərasimində, həmçinin, “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. ADMİU-nun məzun və tələbələrindən ibarət komandanın hazırladığı “Buxarada görüş” (“Turan”) adlı qısametrajlı filim 4-cü yerə, həmçinin, münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Filmin ssenari müəllifi və rejissoru Aleks Hacıyevski, operatoru Nicat Qasımovdur. Baş rolda Səid Cabbarlı çıxış edib. Onlar Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov tərəfindən mükafatlar və xatirə hədiyyələri ilə təltif olunublar.

 

Qeyd edək ki, “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalında dünyanın 40 ölkəsindən, o cümlədən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanadadan 500-dən çox kinematoqrafçı iştirak edib. Kinofestival çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı filmlər təqdim edilib.