Bu il 500-dən çox bal toplayan 129 gənc ADPU-nun “İbtidai sinif müəllimliyi” ixtisasını seçib


Sentyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası açaraq Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, iclasın gündəliyinə yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında, ADPU-da 2018-2019-cu tədris ili üçün tələbə qəbulunun nəticələri haqqında və cari məsələlər daxildir.

 

Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, bu il pedaqoji təhsilə dair nəticələr ürəkaçandır. Bu nəticələr Təhsil Nazirliyinin son günlər keçirdiyi iki tədbirdə də xüsusi vurğulanıb.Rektor bildirib ki, ADPU-ya bu il filiallarla birlikdə 566 nəfər gənc 500-dən çox bal toplayaraq qəbul olunub. Cari tədris ilində 500-dən çox bal toplayan 129 gənc ADPU-nun “İbtidai sinif müəllimliyi” ixtisasını seçib. Filiallarla birlikdə 15 nəfər gənc 600-dən çox bal toplayaraq təhsil almaq üçün ADPU-nu seçib. Müqayisə üçün qeyd edək ki, ötən il filiallarla birlikdə 3 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

 

Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinin prioritetləri müəyyən edilib. Yeni tədris ilində yeni qəbul qaydaları tətbiq ediləcək, xarici dillərin öyrənilməsinə, şagirdlərin dərs yükünün  yüngünləşməsinə, onların hərtərəfli inkişafına, istedadlı şagirdlərin üzə çıxarılmasına, vətənpərvərlik və vətəndaşlıq hislərinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərin mənalı və məzmunlu təşkil edilməsinə, sağlam həyat tərzinə, təhsilin keyfiyyətinə nəzarətə xüsusi önəm veriləcək. Eyni zamanda ali təhsil müəssisələrinin ölkədaxili inteqrasiyası, Boloniya sisteminin prinsiplərinə düzgün əməl edilməsi, tyutor xidməti, ingilisdilli proqramlar diqqət mərkəzində saxlanılacaq.

 

 “Biz fəaliyyətimizi bu müsbət dinamika əsasında qurmalı, təhsil xidmətlərimizi müasir əmək bazarının sürətlə dəyişən və artan tələblərinə uyğun şəkildə təşkil etməliyik. Məqsədimiz ADPU-nun müasir beynəlxalq tələblərə cavab verən ali təhsil müəssisəsi olmasıdır”-deyə rektor C.Cəfərov bildirib.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov  yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında məlumat verib. Dosent E.Aslanov  bildirib ki, bütövlükdə imtahan sessiyası şəffaf və obyektiv keçirilib, vaxtında yekunlaşıb. Apelyasiya Komissiyasına və İmtahan Qərargahına edilən müraciətlər çevik şəkildə, qanun çərçivəsində araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

 

Elmi Şura dosent E. Aslanovun hesabatını qəbul edib.

 

Sənəd Qəbulu Komissiyası üzrə məsul şəxs, professor İbrahim Bayramov ADPU-ya 2018-2019-cu tədris ili üçün tələbə qəbulunun nəticələri haqqında məlumat verib. Qeyd edib ki, ADPU-ya ali təhsilin bakalavriatura səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə Azərbaycan bölməsinə 2035, rus bölməsinə isə 190 yer olmaqla 2225 plan yeri ayrılıb. Bu, ötən tədris ilinin qəbul planından 25 nəfər çoxdur. 2018-2019-cu tədris ilində bakalavriat səviyyəsində Azərbaycan bölməsinə 2013 nəfər, rus bölməsinə 153 nəfər tələbə olmaqla 2166 nəfər tələbə qəbul olunub. Bu da qəbul planının 97,3 faizini təşkil edir. ADPU-ya qəbul  olunan 2166 nəfər tələbənin 936 nəfərini  dövlət sifarişi əsasında, 1230 nəfərini isə ödənişli əsaslarla qəbul olunanlar  təşkul  edir.

 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 9 illik təhsil əsasında 7 ixtisas üzrə 699 nəfər tələbə, 11 illik təhsil əsasında 6 ixtisas üzrə 452 nəfər tələbə qəbul olunub. Ümumilikdə ADPK-yə 1151 nəfər tələbə qəbul olunub.

 

2018-2019-cu tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 286 nəfər qəbul olunub. Onlardan 106 nəfəri dövlət sifarişi əsasında, 180 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul planı  86,6% olub.

 

Məlumat üçün onu da qeyd edək ki, bu il ADPU-nun SABAH qruplarına 2 ixtisas – “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 25 nəfər tələbə, “Riyaziyyat və informatika müəllimliy” ixtisası üzrə isə 20 nəfər tələbə qəbul olunub.

 

ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 189 nəfər, Quba Filialına 6 ixtisas üzrə 181 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 133 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 118 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 121 nəfər qəbul olunub. Filiallara 742 nəfər tələbə qəbul olunub. Bütövlükdə ADPU-ya filiallar, SABAH qrupları və kolleclə birlikdə 4104 nəfər tələbə qəbul olunub.

 

ADPU-nun 5 filialı üzrə 35 nəfər 500-dən çox, 4 nəfər isə 600-dən çox bal toplayıb.

 

Elmi Şura professor İ. Bayramovun hesabatını qəbul edib.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev cari məsələləri, Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın iclasında qəbul edilən qərarları, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov reytinq qiymətləndirilməsi ilə bağlı görülən işləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıblar. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.