Ali təhsillə bağlı Avropa təcrübəsi və onun Azərbaycanda tətbiqi imkanları müzakirə olunub


Sentyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanda təhsilin keyfiyyət göstəricisinin artırılması üzrə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvininq layihəsinin işçi qrupu ilə görüş keçirilib.

 

Görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, universitetin professor-müəllim heyəti, Fransanın Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorunun köməkçisi, professor Flip Turek, Tvininq layihəsinin əlaqələndiricisi Lisa Baydanova, layihə üzrə beynəlxalq ekspert Asnate Kozoka və başqaları iştirak ediblər.

 

Professor Sübhan Namazov qonaqlara Azərbaycanda texniki ali təhsil və mövcud təcrübə ilə bağlı, eyni zamanda AzTU-nun elmi potensialı, tədris istiqamətləri, universitetin beynəlxalq əməkdaşlıqları haqqında geniş məlumat verib.

 

Qarşılıqlı müzakirələr əsasında keçirilən görüşdə ali təhsillə bağlı Avropa təcrübəsi, həmin təcrübənin Azərbaycanda tətbiqi imkanları, həmçinin kadr potensialının düzgün formalaşdırılması üçün həyata keçirilən sistematik işlər, tələb və təklifin düzgün müəyyən olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Avropa Birliyi (AB) ölkələrinin universitetlərində kadr hazırlığı işəgötürənin sifarişi əsasında həyata keçirilir. Belə ki, AB-nin müxtəlif ölkələrində müxtəlif adlarla adlandırılan, lakin nəticə etibarı ilə İşəgötürənlər Konfederasiyasının missiyasını həyata keçirən qurumlar ildə bir dəfə toplanaraq hansı istiqamətdə nə qədər kadra ehtiyac olduğunu müəyyən edir. Həmin nəticəyə əsasən universitetlərdə kadr hazırlığı aparılır.

 

Kadr hazırlığının düzgün və effektiv həyata keçirilməsi üçün Azərbaycanda önəmli addımlar atıldığına diqqət çəkən professor Sübhan Namazov bildirib ki, ölkəmizdə dövlət və dövlətin sifarişi ilə yerli və xarici agentliklər tərəfindən keçirilən sorğular nəticəsində son illər bir neçə ixtisas əmək bazarının tələblərinə uyğunlaşdırılıb.

 

Görüşdə Azərbaycanda bakalavr, magistr və doktorantura səviyyəsində təhsilin inkişafında əldə olunan uğurlar və mövcud problemlərin aradan qaldırılması məsələləri müzakirə edilib.