Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının növbəti buraxılışı - ikinci cildinin birinci nömrəsi işıq üzü görüb.
MDU-nun rektoru Şahin Bayramovun baş redaktorluğu ilə nəşr olunan jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Çin, Qırğız Respublikası və Litvanın tanınmış alimləri təmsil olunurlar.
Jurnalın yeni buraxılışında “İctimai elmlər” bölməsində 11, “Təbiət və texnika elmləri” bölməsində 8, “Humanitar elmlər” bölməsində 6 olmaqla, ümumilikdə 25 məqalə yer alıb.
MDU ilə yanaşı, ölkənin bir sıra elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərən alim və gənc tədqiqatçılardan təqdim edilmiş məqalələr əsasən qloballaşma, iqtisadi artım, xarici ticarət, əmək bazarı, idarəetmə, təhsil, enerji, mühəndislik və digər mövzulara həsr olunmaqla dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edib.
Jurnal elektron variantda MDU-nun rəsmi saytında yerləşdirilib.