2022-ci ilin sentyabr ayından etibarən ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyətə başlayıb.
Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov qonaq mütəxəssislə görüşüb.
Ş.Bayramov TEFL (Teaching English as a Foreign Language) sertifikatlı amerikalı mütəxəssisin MDU-da fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.
MDU-nun hədəfləri və missiyasından söhbət açan Ş.Bayramov son dövrdə universitetin müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Universitetdə Xarici dil müəllimliyi (İngilis dili) ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsi, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsi məsələlərindən bəhs edən rektor qonaq mütəxəssisin bu istiqamətdə fəaliyyətlərə töhfə verəcəyinə əminliyini bildirib.
Səmimi görüşə və göstərilən diqqətə görə təşəkkürünü bildirən J.Bunke modernləşmə yolunda sürətlə irəliləyən MDU-da çalışmaqdan məmnunluğunu bildirib. Bilik və təcrübələri ilə universitetin inkişafında pay sahibi olmağa çalışacağını qeyd edən qonaq mütəxəssis gözləntiləri doğruldacağını söyləyib.
Qeyd edək ki, J.Bunke MDU-da bir il ərzində fəaliyyət göstərəcək. Bununla bağlı bütün xərclər ABŞ Dövlət Departamentinin Fulbright-ETA Proqramı tərəfindən qarşılanacaq.