Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı Azərbaycan Texnologiya Universitetinin (UTECA) rəhbərliyi ilə layihə nümayəndələrinin görüşü keçirilib.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrasının uğurla davam etdirildiyini vurğulayaraq bu tərəfdaşlıqdan məmnunluğunu bildirib, təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə şəbəkələşmənin qurulması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə Avropa təcrübəsinin mənimsənilməsi baxımından layihənin əhəmiyyətindən danışıb.
Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova, layihənin İsveç tərəfdaşı olan Kral Texnologiya İnstitutunun nümayəndəsi Viktor Kordas layihə çərçivəsində görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və layihənin gələcək fəaliyyəti müzakirə edilib.