Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti Azərbaycanın iqtisadi imkanlarının, potensialının bu platformadan bir daha iştirakçı ölkələrin diqqətinə çatdırılması fürsəti idi. Prezident İlham Əliyev sammitdəki çıxışında ölkəmizin uğurlarına dair faktları sıralayarkən vacib məqamları qeyd etdi.
Bunlar nədən ibarətdir?
Məlumdur ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanları günbəgün artır və sözsüz bu imkanlardan Azərbaycanla əməkdaşlıq edən bütün ölkələr də yararlanır.
Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.
Dövlət başçısı Qarabağ müharibəsindəki möhtəşəm Qələbədən sonra işğaldan azad olunan torpaqlarımızda görülən işlərə dair vacib məlumatları da ayrıca qeyd etdi ki, bütün dünya həmin ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolunun çəkilişinə şahiddir və bu nəhəng infrastruktur işləri Azərbaycanın iqtisadi potensialının, işğaldan azad edilmiş torpaqlarla bağlı strategiyasının mahiyyətini aydın şəkildə ortaya qoyur.
Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayını 7-dən 9-a çatdırmaq hədəflənib.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Hazırda Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi səylər davam etdirilir. Çünki dəhliz açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artacaq və bu, marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Sammitin keçirilməsi Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər, Zəngilan, Daşkəsən istiqamətində genişmiqyaslı təxribatlarından üç gün sonraya təsadüf etdiyindən bu məsələnin Şanxay Əməkdaşlıq Təşkilatı iştirakçılarının diqqətinə çatdırılması ciddi ehtiyac yaradırdı və Azərbaycan Prezidenti baş verənləri, həm də ölkəmizin mövqeyini açıq şəkildə ortaya qoydu.
Bu mövqe ondan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birlərinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına nail olmalıdır. Məlumdur ki, sülh müqaviləsinin imzalanması üçün ölkəmiz beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılıb. Azərbaycan hesab edir ki, Zəngəzur dəhlizi açılmalı, bölgədə geniş, etibarlı əməkdaşlıq şəraiti yaranmalıdır ki, Ermənistan da bundan fayda görəcək ölkələrdən biridir. Bəs, əvəzində Ermənistan nə edir?
Dövlət sərhəddində baş verənlər Ermənistanın niyyətlərini, erməni xislətini təkrar aydın şəkildə ortaya qoyur: Ermənistan sülh istəmir. Ermənistan təcavüzkar siyasətinə sadiq qalmağa çalışır. 13 sentyabr tarixində Ermənistanın Azərbaycanla dövlət sərhəddində törətdiyi genişmiqyaslı hərbi təxribat məhz bundan xəbər verir.
Azərbaycan isə bu təxribatların qarşısında əsla aciz deyil, silahlı qüvvələrimiz düşmənin təxribatlarının qarşısını qətiyyətlə almağı bacarıb. Amma təəssüf doğuran hal ondan ibarətdir ki, Ermənistan son davranışları ilə iki ölkə arasında normallaşma prosesinə böyük zərbə vurur. Sülh vəziyyətinə kobud təsir göstərilir, ölkələr arasında barış yolu bağlanır və bununla da bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycanın mövqeyi konkret və dəyişməzdir: beynəlxalq təşkilatlar Qarabağ məsələsində səmərəli fəaliyyətə imza ata bilməyib. Nə BMT Təhlükəsizlik Şurası, nə də ATƏT-in Minsk Qrupu. Əks təqdirdə münaqişə 30 ilə yaxın həlledilməz qalmazdı. Beynəlxalq hüququn və tarixi ədalətin bərpası Azərbaycanın öz iradəsi, hərbi-siyasi gücü hesabına baş verib və bu gerçəyi heç bir qüvvə dəyişdirə bilməz.
Azərbaycan sülhpərvər missiyası, tolerantlığı, güclü milli ruha sahibliyi, iqtisadi potensialı ilə öz nüfuzunu dünyada möhkəmlədib və möhkəmlətməkdə davam edir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirib və belə davam etməkdə də qərarlıdır.
V.ALLAHVERDİYEVA