Bu il Şuşa şəhəri üzrə yüksək bal toplayaraq tələbə adını qazanan 6 məzunun qədim mədəniyyət ocağına səyahəti təşkil olunub. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən reallaşan bu təşəbbüs gənclərin ürəyincə olub. Onlar mədəniyyət paytaxtımızda Şuşa qalasını, Cıdır düzünü, Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini və başqa tarixi məkanları ziyarət ediblər.
Məzunlar qarşısında çıxış edən Dövlət Qoruğu İdarəsinin rəhbəri Məftun Abbasov qədim Şuşanın tarixi şəxsiyyətləri, dünyaca məşhur olan incəsənət xadimləri barədə ətraflı məlumat verib. Sonra isə Dövlət Qoruğu İdarəsi adından onlara tələbə adını qazanmaları münasibətilə müxtəlif hədiyyələr və mükafatlar təqdim olunub.
Görüşdə iştirak edən Şuşa Şəhər Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov da gənclərə gələcək təhsillərində uğurlar diləyib və onların vətən üçün layiqli vətəndaşlar olacağına əminliyini ifadə edib. Tələbələr səfər çərçivəsində Şuşada aparılan quruculuq və bərpa işləri ilə də yaxından tanış olublar.
Sifai SƏFƏROVA