Bakı Mühəndislik Universitetində (BMU) birinci kurs magistrləri ilə görüş təşkil edilib.
BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov birinci kurs magistləri yeni tədris ilinə qədəm qoymaları münasibətilə təbrik edib, iqtisadiyyat və idarəetmə fakültəsinin təşəbbüsü ilə baş tutan görüşün əhəmiyyətini vurğulayıb. Universitetdə ümumi tədris prosesinin təşkili və proseduru haqqında danışan prorektor magistrlərin elmi fəaliyyətləri ilə bağlı zəruri tövsiyələrini diqqətə çatdırıb.
Sonra iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov, Magistratura və doktorantura şöbəsinin müdiri Mahir Bəşirov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Fərid Cəbiyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, görüşün məqsədi yeni magistrlərə universitetdə ünsiyyət və qarşılıqlı əlaqə üçün səmimi mühit yaratmaq, onları BMU-dakı təhsil siyasəti, tənzimləyici qaydalar, təhsilin keyfiyyətinin artırılması üçün həyata keçirilən yeniliklər və elektron xidmətlər, o cümlədən elmi obyektlər, laboratoriyalarla tanış etməkdir. Bildirilib ki, tədrisin keyfiyyətinə daim önəm verən BMU davamlı olaraq, bu istiqamətdə texniki və akademik dəstəyi gücləndirir, həmçinin tədris və təlim prosesində ən son texnologiyalardan istifadəyə, prosedurların elektronlaşdırılmasına üstünlük verir.
Çıxış edənlər magistrlərə təşəbbüskarlıq ruhu sərgiləməyi, habelə universitetdaxili hüquq, vəzifə, məsuliyyət və öhdəlikləri nəzərdən qaçırmamağı, peşəkar kadr kimi formalaşmaları üçün mühüm olan inteqrasiya, effektiv akademik və tədqiqat iştirakçısına çevrilmələrini tövsiyə ediblər. Magistrlər bu istiqamətdə bütün vasitələrdən, universitetdə yaradılan imkanlar və ideal mühitdən, BMU-nun müxtəlif proqramlarından yararlanmağa, eləcə də peşəkar kadr potensialından, professor-müəllim heyəti və tədqiqatçılarından faydalanmağa çağırılıb.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə BMU-ya magistrlərin qəbulu yüksək göstəricilərlə də diqqət çəkir. Bu adı qazanan 230 nəfər arasından 3-ü 90-dan yuxarı bal toplayıb. Həmin şəxslərdən biri Dövlәt İmtahan Mәrkәzinin ali tәhsil müәssisәlәrinin magistraturalarına keçirilən qәbul imtahanlarının nəticələrinə əsasən, 98 bal toplayaraq ölkə ikincisi olan Əhməd Əhmədovdur. BMU-nun Mühasibat uçotu və audit ixtisasını başa vuran Ə.Əhmədov magistr pilləsində tədrisi ingilis dilində aparılan İstehsal sferasında mühasibat uçotu və audit ixtisasını seçib.
Cari ildə BMU-da magistratura dərəcəsi üzrə ixtisaslar siyahısına yeniləri də əlavə olunub. Bu ixtisaslara İqtisadiyyatin tənzimlənməsi (5 plan yeri üzrə 5 qəbul), Elektron idarəetmə (5 plan yeri üzrə 4 qəbul), Bina və qurğuların memarlığı (4 plan yeri üzrə 4 qəbul), Memarlıq mühitinin dizaynı (4 plan yeri üzrə 4 qəbul) daxildir. Bundan əlavə, BMU-da magistratura pilləsində iki ixtisaslaşma - Qurğular nəzəriyyəsi və Metal konstruksiyası ixtisasları üzrə ingilis bölmələri də açılıb.