Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, prorektorlar və müvafiq fakültə dekanları tədris auditoriyalarında birinci tədris ilinin tələbələri ilə görüşərək, onları tələbə adını qazanmaları və müəllimlik peşəsini seçdiklərinə görə təbrik ediblər.

 

Tələbələrlə öz fikirlərini bölüşən professor C.Cəfərov son günlər ərzində ermənilərin genişmiqyaslı təxribatı nəticəsində hərbi qulluqçularımız arasında şəhidlərin olmasını qeyd edərək, onlara Allahdan rəhmət diləyib, onların qanının yerdə qalmadığını vurğulayıb.

 

Rektor bildirib ki, bu gün bütün gənclərimiz informasiya savaşında ayıq və aktiv olmalı, eyni zamanda öz ixtisaslarını dərindən mənimsəmək üçün məsuliyyətlə çalışmalıdırlar.

 

C.Cəfərov diqqətə çatdırıb ki, Pedaqoji Universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi, müasir dövrün tələblərinə cavab verən tədris mühitinin yaradılması istiqamətində xeyli imkanlar var və bu imkanlar durmadan təkmilləşdirilir.

 

Rektor qeyd edib ki, tələbələr peşəkar alimlərdən dərs almaq imkanı ilə yanaşı, universitetin sosial həyatında aktiv iştirak edə, tələbə təşkilatlarında fəaliyyət göstərə, o cümlədən, operativ sosial media hesabları və veb səhifə üzərindən ən son məlumatları öyrənə, onları maraqlandıran bütün suallara yerindəcə cavab ala bilərlər.