Sentyabrın 15-də Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində ilk dərs günü qeyd edilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi iştirak edib.
İlk dərs günü Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Nazir bildirib ki, 29 ildən sonra Ağalı kənd tam orta məktəbində ilk dərs gününün qeyd olunması məhz onların sayəsində gerçəkləşdi və bu çox qürurverici bir hissdir. Emin Əmrullayev müasir infrastruktura malik olan Ağalı kənd tam orta məktəbinin uğurları ilə təhsil sisteminin öndə olan məktəblərindən olacağına əminliyini ifadə edib. Sözügedən məktəbdə çalışmaq üçün müxtəlif bölgələrdən gənc müəllimlərin müraciət etdiklərini qeyd edən nazir bunun sevindirici bir hal olduğunu vurğulayıb.
Elm və təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik edib və məktəb kollektivinə uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları Ağalı kənd tam orta məktəbində tədris prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. Yeni tikilən məktəbdə 13 sinif otağı ilə yanaşı fənn kabinetləri, laboratoriyalar, informatika kabineti, texniki otaqlar, tibb otağı, psixoloq otağı var. Bundan əlavə, kitabxana, oxu zalı, geniş və işıqlı akt zalı, məktəbin həyətində müasir tələblərə cavab verən idman meydançası mövcuddur. Məktəbin bütün sinif otaqları və akt zalı ağıllı löhvələr və akustik səs sistemi ilə təchiz olunub, siniflərdə, akt zalında, dəhlizdə kameralar quraşdırılıb.
2022-2023-cü tədris ilində Ağalı kənd tam orta məktəbində 65 şagirdin təlim-tərbiyəsi ilə 13 nəfər müəllim məşğul olacaq.