Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə avqust ayında baş tutan gənclərin innovasiya yay düşərgəsinin və gənc mühəndislərin yay düşərgəsinin iştirakçıları üçün Yüksək Texnologiyalar Parkına (YTP) ekskursiya təşkil olunub.
Ekskursiyada Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, AMEA-nın müxtəlif institut və təşkilatlarından gənc tədqiqatçılar, magistrant və tələbələr iştirak ediblər.
Əvvəlcə gənclər üçün əməyin təhlükəsizliyi ilə bağlı təlim keçirilib. Təlimin əsas məqsədi gənc mütəxəssislərə müxtəlif istehsalat proseslərində sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı lazımi nəzəri bilikləri və texnopark ərazisində hərəkət qaydalarını izah etməkdən ibarət olub.
Ekskursiya iştirakçıları ilk olaraq beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə məlumat verilib.
Sonra AMEA Təcrübə-Sənaye Zavodu ilə tanışlıq olub. Bildirilib ki, YTP-nin ilk rezidenti olan bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağları istehsalı ilə məşğul olur. Zavodda müasir tələblərə cavab verən qurğular və müasir laboratoriya – pilot kompleksi yaradılıb.
Ziyarətçilərə, həmçinin texnoparkın inkubator-rezidentlərindən olan “Troniq” MMC-də görülən işlər haqqında da məlumat verilib. Bildirilib ki, müəssisədə qurğu və cihazların əsasını təşkil edən və onların hərəkətə gətirilməsində mühüm rol oynayan plataların istehsalı, onlar üçün süni intellekt əsaslı proqram təminatının yazılması işləri həyata keçirilir.
YTP-də həyata keçirilən layihələr, burada yaradılmış maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti gənclərin böyük marağına səbəb olub.