Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib. İclas Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elmi Şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov bildirib ki, Milli Ordumuzun çoxsaylı hərbi qulluqçusu şəhid olduğuna görə ölkəmizdə, o cümlədən, Lənkəran Dövlət Universitetində 15 sentyabr – “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək və universitetdə bütün fakültələrdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, müzakirəyə çıxarılan məsələlər, əsasən 2022/2023-cu tədris ilinə hazırlığın vəziyyəti barədə olub. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent İdrak Əsgərov universitetdə yeni tədris ilinə hazırlıq işlərinin demək olar ki, başa çatdığını deyib. Bildirib ki, kafedralar üzrə dərs yükləri bölünüb, dərs cədvəlləri hazırlanıb, müəllimlərə metodiki tövsiyələr verilib. İ.Əsgərov yeni tədris ilində olacaq yeniliklər barədə də şura üzvlərini məlumatlandırıb.
Universitetin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər haqqında təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor Azər Əliyevin hesabatı dinlənilib. O, 5 mərtəbəli yeni tədris korpusunun inşasının uğurla yekunlaşdığını, yeni tədris ilində tələbələrin istifadəsinə tam hazır olduğunu deyib. Qeyd edib ki, həmin korpusda hər növbədə 1200 tələbə təhsil ala biləcək. A.Əliyev digər tədris korpuslarında və Qızlar yataqxanasında da cari təmir işlərinin yekunlaşdığını, yeni, lazımi avadanlıqlarla təmin olunduğunu diqqətə çatdırıb.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2022/2023-cu tədris ilinə hazırlığın vəziyyəti barədə hesabatı direktor əvəzi Leyla İbrahimova təqdim edib.
Universitetin Baytarlıq və aqrar fənlər kafedrasının dosenti Məlahət Ağayeva Türkiyə Cümhuriyyətinin Qafqaz (Qars) Universitetinə işguzar səfərin yekunları barədə şura üzvlərinə məlumat verib.
Elmi Şurada cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.