Akademiya tələbələri dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təmin edir


Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı” günü təşkil olunub. Tələbə adını qazanan gənclər və onların valideynləri ilə keçirilən görüşdə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, akademiyanın  rektoru Çingiz Əliyev, Bakı Gəmiqayırma Zavodunun, “Caspian Marine Services”nin rəhbərliyi və digər qonaqlar iştirak ediblər. Rektor Ç.Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım olub. Belə ki, tələbə adını qazananların 29-u 500-600, 3-ü isə 600-700 arası bal toplayıb. Bu il akademiyada bir Türkmənistan və  beş Türkiyə vətəndaşı da təhsil alacaq. Ç.Əliyev qeyd edib ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təmin olunur. Təkcə bu il Gəmiçilik rəhbərliyinin tövsiyəsi ilə xaricdən 10 laboratoriya dəsti alınaraq quraşdırılıb.

   

Sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kadr siyasəti haqqında hazırlanan “İnsan sərvətimizdir” filmi nümayiş olunub. Filmdə kadr ehtiyatlarının planlaşdırılması, əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi,  təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi kimi vacib məsələlərdən söz açılır.

 

Sonda gənclərin və  valideynlərinin sualları cavablandırılıb.

 

Sifai SƏFƏROVA