Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Natiq İbrahimovun rəhbərliyi ilə ali məktəbin nümayəndə heyəti Türkiyənin Qafqaz (Qars) Universitetində işguzar səfərdə olub.

 

Qafqaz Universitetinin rektoru, prof.dr. Hüsnü Kapu ilə keçirilən işgüzar görüş zamanı hər iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə, əməkdaşlıq məsələlərinin digər aspektləri ətraflı müzakirə edilib və Akademik Əməkdaşlıq Protokolu imzalanıb.

 

İmzalanmış əməkdaşlıq protokoluna əsasən:

  • - Qafqaz Universitetinin baytarlıq fakültəsinin üç müəllimi il ərzində Lənkəran Dövlət Universitetinin Baytarlıq ixtisasında bakalavriat və magistratura səviyyələri üzrə ən azı 18 fənnin tədrisinin həyata keçirilməsini təmin edəcək. Bunlar, əsasən ixtisas, praktik vərdişlər, təcrübə tələb edən fənlərdir.
  • - Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı işgüzar səfərlər mütəmadi davam etdiriləcək.
  • - LDU tələbələrinin tədris müddəti üzrə Qafqaz Universitetinin müvafiq ixtisaslarında semestrlər və tədris ili üzrə təhsil almaqlarına imkan yaradılacaq.
  • - LDU-nun Baytarlıq ixtisasının tələbələri istehsalat təcrübələrini (4 aylıq) Qafqaz Universitetində keçəcək.
  • - Birgə tədbirlərin, konfransların, simpoziumların həyata keçirilməsi, akademik nəşrlərin, xüsusilə, Qafqaz Universitetinin yüksək impakt faktorlu jurnallarında məqalə nəşri və birgə layihələrin işlənməsi həyata keçiriləcək.
  • - Hər iki universitetin Baytarlıq sahəsində hazırlıq üzrə tədris planları uyğunlaşdırılaraq ikili diplomların təqdim olunması məqsədilə Türkiyə Cümhuriyyətinin YÖK-nə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.
  • - Bundan əlavə, digər ixtisaslar üzrə də tələbə sayına heç bir məhdudiyyət qoyulmadan LDU tələbələrinin Qafqaz Universitetində və türkiyəli tələbələrin LDU-da təhsil almalarına müvafiq şərait yaradılacaq. Əməkdaşlıq müqaviləsi çərçivəsində universitetlərin birlikdə müxtəlif layihələrdə, o cümlədən, qrant layihələrində iştirakı təmin ediləcək.

 

Əməkdaşlıq protokolunda, həmçinin iki layihənin (“Heyvanlarda embrion köçürülməsi” və “Dabaq” və ya “Qarayara” xəstəliklərinin müalicə metodlarının yenidən araşdırılması”) hər iki universitetin əməkdaşları tərəfindən Qafqaz Universitetinin klinika və laboratoriyalarından istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulub.

 

İşgüzar səfər zamanı LDU-nun nümayəndə heyəti Qafqaz Universitetində maldarlıq fermasına baş çəkib, baytarlıq xəstəxanasında görülən işlərlə və aparılan tədqiqatlarla yaxından tanış olub, həmçinin, Qars şəhərinin görməli yerlərinə səyahət edib.

 

Xatırladaq ki, 2017-ci ildə hər iki universitet arasında imzalanan “Akademik Əməkdaşlıq Müqaviləsi”ndə universitetlər arası qarşılıqlı akademik əməkdaşlığın inkişaf etdirilməsi, baytarlıq sahəsində əlaqələrin genişləndirilməsi öz əksini tapmışdı. Hazırkı protokol əvvəlki müqaviləyə əlavə edilib.